Kipr prezidenti ilə xarici işlər nazirinin Ermənistana səfəri zamanı verilən bəyanatlar Bakı ilə Nikosiya arasında diplomatik qalmaqal yarada bilər.
Yenicag.Az xəbər verir ki, İrəvanda Ermənistanın müdafiə naziri Vigen Sərkisyanla görüşən Kiprin xarici işlər naziri İoannis Kasulidis Azərbaycanıın ərazi bütövlüyünü şübhə altına alan bəyanat səsləndirib.
Kiprli nazir Şimali Kipr və Qarabağ problemlərini müqayisə edərkən, Qarabağı “erməni torpağı” adlandırıb:
“Şimalii Kiprlə Dağlıq Qarabağ arasında paralellər aparmaq doğru deyil. Çünki Türkiyənin işğal etdiyi Şimali Kiprdən fərqli olaraq, “Arsax” tarixi erməni torpağıdır”.
Kasulidisin diplomatik qalmaqal yaradacaq bu açıqlamasını Yenicag.Az-a şərh edən politoloq Qabil Hüseynli kiprli nazirin ermənipərəst fikirlərinin gözlənilməz olmadığını deyib:
“Unutmayaq ki, Yunanıstan və yunan lobbisi dünya miqyasında ermənilərin əsas himayədarlarından biridir. O baxımdan, Cənubi Kipr xarici işlər nazirinin elə bir açıqlama verməsi təəccüblü deyil. Bununla belə, özünün “separatizm”dən əziyyət çəkdiyini hər fürsətdə bəyan edən bir ölkənin naziri separatizmi dəstəkləyən mövqe bildirməməlidir. Hər halda, rəsmi Bakının bu məsələyə adekvat reaksiya verəcəyini gözləyirəm.
Kasulidisin bu bəyanatının Azərbaycanın Şimali Kipr Türk Respublikasını rəsmən tanıması məsələsini aktuallaşdıracağını düşünmürəm”.
Bir qədər əvvəl isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hikmət Hacıyev yaydığı açıqlamada Kasulidisin məlum açıqlamasını təcavüzkar Ermənistana açıq dəstək kimi qiymətləndirib:
“Kasulidisin bu fikirləri Kiprin beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə, Helsinki Yekun Aktına və digər beynəlxalq sənədlərə zidd olmaqla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün, İrəvanın işğalçılıq siyasətinin təbliğidir.
Belə fikirlər ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönələn səylərinə və regionda davamlı sülhün bərqərar edilməsinə zərbə vurur”.
A.Zeynalov
Yeniçağ.Az