“Xocalı faciəsi yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin tarixində ən qanlı hadisələrdən biri kimi yaddaşlarda qalacaq. Ümid edirəm ki, insanlıq əleyhinə bu ağır hərbi cinayəti törətmiş şəxslər tezliklə hüquqi müstəvidə öz layiqli cəzalarını alacaqlar”.
Yenicag.az xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində törədilmiş bu soyqırım aktı barədə həqiqətləri ölkənin həmin dövrdə düşdüyü informasiya blokadası şəraitində dünyaya çatdırmaq, demək olar ki, mümkün olmamışdı: “Doğrudur, bir sıra beynəlxalq kütləvi informasiya vasitələri və beynəlxalq təşkilatların nümayəndələri bu faktı təsbit etsələr də, dünya ictimaiyyəti uzun müddət bu faciədən bixəbər və ona biganə qalmışdı. Hətta Ermənistan rəhbərliyinin Xocalıda məhz dinc əhaliyə divan tutmasını etiraf etməsi və buna haqq qazandırması belə dünya ictimaiyyətinin lazımi reaksiyasına səbəb olmamışdı. Bəlkə də bu biganəliyin nəticəsidir ki, Xocalı soyqırımından bir neçə il sonra bəşəriyyət dünyanın müxtəlif bölgələrində insanlıq əleyhinə törədilmiş yeni ağır cinayətlərə şahidlik etməli oldu. Eyni zamanda unutmamalıyıq ki, bu soyqırımadək erməni silahlı qüvvələri artıq Bağanis Ayrım, İmarət Qərvənd, Xocavənd, Ağdaban, Qaradağlı və digər yaşayış məntəqələrində oxşar cinayətləri törətmiş, silahsız mülki əhalini amansızca qətlə yetirmişdilər. Yalnız ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra onun təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Bu dövrdən etibarən ölkə miqyasında və ölkəmizdən kənarda Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə başlanıldı. 2008-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verildikdən sonra keçirilən ardıcıl tədbirlər, müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri ilə aparılan izahat işləri nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıdılması geniş vüsət aldı. Mən bu sahədə səfirliklərimizin, diasporumuzun və xüsusilə də gənclərimizin, o cümlədən xaricdə təhsil alan tələbələrimizin əhəmiyyətli rol oynadığını vurğulamaq istərdim. Sözügedən kampaniyanın uğurları barədə faktlarla danışmaq olar. Qısa müddət ərzində dünyanın müxtəlif qitələrindən 17 ölkə, eləcə də ABŞ-ın 22 ştatı, habelə 2 beynəlxalq təşkilat Xocalı soyqırımını tanıyan sənədlər qəbul ediblər və bu proses davam etməkdədir. Qeyd etmək istəyirəm ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası soyqırımın ildönümləri ərəfəsində xüsusilə intensivləşsə də, əslində, bu sıradan olan ayrı-ayrı tədbirlər bütün ilboyu təşkil edilir”.
Y.Məmmədəliyev bildirib ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayılması həm də Ermənistan-Azərbaycan münaqişəsi barədə ədalətli mövqeyimizin dəstəklənməsi baxımından əhəmiyyətlidir: “Eyni zamanda hesab edirəm ki, Xocalı soyqırımı barədə məlumatlandırma və maarifləndirmə işində xalqımızın hər bir nümayəndəsi fəal iştirak etməlidir. Çünki bu, hamımızın ağrısıdır və hər bir azərbaycanlı istər Xocalı faciəsində, istərsə də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və xoşbəxt gələcəyi uğrunda şəhid olanların ruhu qarşısında məsuliyyət daşıyır”.
www.yenicag.az