Zabil Müqabiloğlunun “Son Zəng”i – Mərhum jurnalist haqqında kitab təqdim olunub

Beynəlxalq Mətbuat Mərkəzində mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş “Son Zəng” kitabının təqdimatı keçirilib.

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Avrasiya” Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, bir sıra jurnalİst təşkilatlarının rəhbərləri, tanınmış yazarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Jurnalistlər Qulu Məhərrəmli, Həbibə Abdulla və Famil Cəfərlinin dəstəyi ilə hazırlanan “Son Zəng” kitabında Zabil Müqabiloğlunun şeir və hekayələri, o cümlədən həmkarlarının onun haqqında yazdıqları esselər toplanıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov açılış sözündə bildirib ki, kitabda mərhum jurnalistin şeirləri ilə yanaşı həmkarlarının xatirələri də yer alıb:

“Bu, onun həyata son zəngidir. Onunla bağlı xatirələr dostlarının qəlbində hər zaman yaşayacaq. Həmin xatirələrin bir hissəsi bu kitabda öz əksini tapıb. Bu kitab Zabil Müqabiloğlunu hər zaman yaşadacaq”.

Qulu Məhərəmli isə “Son Zəng” kitabının Zabil Müqabiloğlunun ruhuna ithaf olduğunu vurğulayıb:

“Bu kitabda enerjili, səmimi cümlələr çoxdur və bu, Zabilin ömrünü, hisslərini, yaşantısını uzatmaq üçündür.

Kitabın ərsəyə gəlməsində başda Mətbuat Şurası olmaqla, əməyi olan hər kəsə təşəkkür edirəm. Bu kitab onun ruhuna ithaf kimidir”.

Çıxış edən digər natiqlər də Zabil Müqabiloğlu və “Son Zəng” kitabı haqqında fikirlərini bildiriblər.

Sonda Zabil Müqabiloğlunun bacısı Sevinc Əliyeva kitabın nəşrinə dəstək olanlara və iştirakçılara minnətdarlığını çatdırıb.

Loading...