Zaur İbrahimli: “2025-ci il Azərbaycan QHT sektorunun qlobal yüksəliş ili oldu“

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli 2025-ci ildə Azərbaycan QHT sektorunun əldə etdiyi mühüm nailiyyətlərlə bağlı geniş təhlilini şəxsi Facebook səhifəsində paylaşıb.

QHT sektorunun qlobal miqyasda artan rolunu, institusional inkişafını və beynəlxalq təşəbbüslərdə fəallığını əks etdirən bu yazını oxucularımız üçün olduğu kimi təqdim edirik.

QHT SEKTORUNUN 2025-ci ildəki UĞURLARI- TOP 10

1.  AZƏRBAYCANIN TƏŞƏBBÜSÜ İLƏ QLOBAL CƏNUB QHT PLATFORMASININ YARADILMASI
2025-ci ilin başa çatmasına 11 gün qalır. Bu il çağdaş tariximizin ən mühüm, gələcəyimizi şəkilləndirəcək, uzunmüddətli təsirini saxlayacaq hadisələrlə zəngin oldu. Azərbaycanın yaratdığı yeni reallıqlar, Prezident İlham Əliyevin liderliyi, sülh strategiyası ilə bütün Cənub Qafqazın sülh, əməkdaşlıq məkanına transformasiyası mərhələsi başlayıb. ABŞ Prezidentinin şahidliyi ilə  8 avqust Vaşinqtonda Azərbaycanla-Ermənistan arasında əldə edilən razılaşmalar bu mərhələyə rəsmən start verdi. Rəsmi Bakının təşəbbüsləri qlobal təsir yaradır, Avrasiyanın geosiyasi koordinatlarını dəyişir, region üçün yeni fürsətlər yaradır. Azərbaycanın TDT-ə sədrliyi ilə təşkilat daha sıx inteqrasiya, institusional inkişafda gücülü dinamika əldə edib, rəsmi Bakı İslam dünyasında mühüm aktora çevrilib və ölkəmiz fəal diplomatiya ilə müsəlman ölkələri arasında yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi yeni təşəbbüslərlə daha da inkişaf edib və regionda, daha geniş Xəzər-Mərkəzi Asiya regionunda sabitlik və təhlükəsizliyin qarantına çevirilib.

Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri geniş miqyasda davam etdirilib, qeyri-neft sektorunun inkişafı və yeni imkanlar yaradılması nəqliyyat-logistika, daxili istehsalın, ixracın inkişafı ilə əlaqədar vacib addımlar atılıb.

Bu kontekstdə Azərbaycan QHT sektoru yüksək dinamika nümayiş etdirməklə Azərbaycanın inkişaf strategiyasını ictimai təşəbbüslər, diplomatiya, yeni addımlar və innovasiyalarla  dəstəkləyib. QHT sektoru əvvəldə qeyd etdiyimiz istiqamətlərin hər biri üzrə ciddi töhfə verib və  son illər həyata keçirilmiş islahatların nəticəsi olaraq çağdaş tariximizdə hadisə sayılacaq, tarixə yazılacaq, dövlətimizin inkişafına real töhfə verən nailiyyətlər əldə edilib. BU NAİLİYYƏTLƏRƏ HƏR BİR AZƏRBAYCANLI QÜRUR DUYA BİLƏR!

İlin sonuna yaxınlaşarkən, fürsətdən istifadə edərək  hər gün QHT sektorunun tərəqqisini, əldə etdiyi nəticələri əks etdirən 10 ən mühüm fəaliyyət və təşəbbüsü barədə məlumatı paylaşmaq qərarına gəlmişəm.

1. AZƏRBAYCANIN TƏŞƏBBÜSÜ İLƏ QLOBAL CƏNUB QHT PLATFORMASININ YARADILMASI

28-29 aprel 2025-ci il tarixdə Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransı həmrəyliyin, sülhün, tolerantlığın, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın təşviq edilməsində yeni impulsa çevrildi.

Azərbaycanda böyük miqyaslı tədbirlər çox görmüşük. Amma bu tədbirlərin hamısı BMT və digər beynəlxalq təşkilatlar, yaxud Azərbaycan dövlətinin rəsmi xətti ilə olub. Bu tədbirin özəlliyi isə odur ki, burada təşəbbüskar da, təşkilatçı da QHT-lər özləri idi. Qlobal Cənub QHT Platformasının yaranması müasir dövrdə çoxtərəfli əməkdaşlıq, tərəfdaşlıq formatının, multilateralizm yanaşmasının tətbiqinin nadir nümunələrindən biri, real uğur hekayəsidir.
Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə indiyədək mövcud olmayıb. İlk dəfədir ki, Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanır və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma təsis edir.

Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yer alması nəinki Azərbaycan, Qlobal Cənub miqyasında rast gəlinməyən məxsusi hadisədir.

Azərbaycandan sonra təsisatın dövrü rəhbərinin hansı ölkə olmasından asılı olmayaraq, Qlobal Cənub QHT Platformasının daimi mənzil qərargahı Bakıda olacaq.

Platforma Bakını Qlobal Cənub QHT-lərin təşəbbüslərinin əsas mərkəzinə çevirəcək. Bura yalnız COP mövzuları deyil, Qlobal Cənubu narahat edən bütün məsələlər daxildir. Bu ölkəmizin Şimal və Cənub arasında dialoq yaratmaq, körpü rolunu oynamaq, ortaq nöqtələr tapmaq missiyasını, siyasətini tamamlayacaq. Azərbaycan Prezidenti Platformanın təsis konfransında iştirakçılara müraciətində ölkəmizin strateji baxış və yanaşmasını bir daha bəyan etdi. Bu baxış Qlobal Cənubu təmsil edən nüfuzlu QHT-lər tərəfindən müdafiə olundu.

Dəfələrlə Azərbaycan Prezidentinin mesajları təhlil edildi və bu baxışın, həm də Qlobal Cənub QHT Platformasının perspektivinin müəyyənləşməsinə mühüm töhfə olduğu bildirildi.

Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib. Azərbaycan QHT-lərinin təşəbbüsü ilə bu cür qlobal platformanın yaradılmasını müstəqillik dövründə Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından biri, bəlkə də birincisi kimi dəyərləndirə bilərik.  Bu konfransın təşkili, Platformanın təsis olunması QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun yeni formatda fəaliyyəti, institusional böyüməsi, genişlənən beynəlxalq əlaqələri,  yeni dövrə uyğun  ambisiyanı, bilik, bacarığı, potensialı nümayiş etdirir.

Artq BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib.  BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi (The United Nations Office for South-South Cooperation (UNOSSC))  Qlobal Cənub QHT Platforması (Global South NGO Platform (GSNP)) barədə məlumatları yeni əməkdaşlıq modelinə nümunə kimi rəsmi saytında yerləşdirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa