Zakir Həsənov Viktor Mahmudovla görüşdü
İyunun 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşüb.
Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri qonağı salamlayıb və onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarının dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığa böyük töhfə verdiyini vurğulayan nazir hərbi əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Viktor Mahmudov öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq Azərbaycan və Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb.
Görüşdə regional təhlükəsizliyə dair geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.