!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Zarafatcıl, şıltaq, şuluq Tom Soyer - Oqtay Əliyevin DOĞUM GÜNÜNƏ/FOTOLAR

!Reklam – Yazi

Beş il əvvəl 50 illik yubileyində təbrik edib, təəssüratlarını soruşdum. Bu yaşa qədər ən yadda qalan doğum gününün nə vaxt olduğunu xəbər aldım. İllər öncə yaşanan həmin günü xatırladı və hətta ona verilən hədiyyələri də… Cavabı ilə həm özü kövrəldi, həm də məni kövrəltdi:

“Ən yadda qalan doğum günüm on yaşımda İrəvanda, şəhərin mərkəzində yerləşən evimizdə olub. İndi həmin ev də yoxdur, o məclisdə iştirak edən adamların bəziləri də. Yadımdadır ki, mənə çoxlu hədiyyələr gətirmişdilər. İki hədiyyəni xüsusilə bəyənmişdim: 7 musiqi səslənən elektron saat və velosiped”.

Üstündən beş il ötüb. Bu gün də doğüm günüdür. Onu xatırlayıram. İnsanlar xatırlanırsa, demək ki, yaşayır. Tanınmış prodüser, rejissor, “SOY production” şirkətinin rəhbəri Oqtay Əliyevdən danışıram. Ölümü ona heç yaraşdırmıram. Çünki həyat dolu bir insan idi. Tez-tez tədbirlərdə, prezentasiyalarda qarşılaşırdıq. Hər dəfə də yaxınlaşıb, müsahibə alırdım. Sonuncu dəfə Aygün Kazımovanın doğüm günü tədbirində qarşılaşmışdıq.

Ayda ən azı bir-iki dəfə ona telefon açıb, müxtəlif mövzularda açıqlamalar alırdım. Ona tez-tez müraciət etməyimin də səbəbi var idi. Çox maraqlı müsahib idi. Həm də hədsiz nəzakətli idi. Qəribə doğmalıq hissi var idi onda. Bəlkə elə buna görə də Oqtay müəllimi hamımız sevirdik.

O dəhşətli və qəfil xəbəri alanda doğma insanını itirən hər kəs kimi mən də sarsıntı keçirdim. Kino lenti kimi uzun müddət gözümün önündən çəkilmədi.

Bu gün 55 yaşınız tamam olur, Oqtay müəllim. Rəqəmlərin sizin üçün heç bir əhəmiyyət daşımadığını bilirəm. Çünki 50 yaşınızda bununla bağlı sizə ünvanladığım suala belə cavab vermişdiniz:

“Rəqəmlər mənim üçün sadəcə təqvim xarakteri daşıyır. Müəllimimin bir gözəl sözü vardı, deyirdi ki, istənilən yaşda içindəki uşaqlıq itdisə, deməli, hər şey bitdi. İçimdəki zarafatcıl, şıltaq, şuluq Tom Soyer Oqtay hələ də qalıb”.

Müsahibədən sonra sağollaşanda, gözlə, sənə uşaqlıq fotolarımı da göndərəcəm, onları da müsahibədə verərsən demişdiniz. Və sonra mənə şəxsi arxivinizin ən gözəl fotolarını göndərmişdiniz. Hər fotonun da tarixçəsini danışmışdınız. Sizi o fotolarıla bərabər xatırlayırıq. Həmişə gülümsər, həyatsevər insan kimi. Özünüz söylədiyiniz kimi: “İçimdəki zarafatcıl, şıltaq, şuluq Tom Soyer Oqtay hələ də qalıb”.

O fotolardan bu gün də boylanırsınız. Doğum gününüz mübarək, doğma insan.

 

Cəvahir

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv