Putin Tramp görüşü sonrası Ukraynada şiddətli HÜCUMLAR: Rusiya yeni strategiyaya keçir?
“Rusiya Dombas vilayətinə nəzarəti tam ələ almağa çalışır.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.
Politolq Rusiyanın iyulun 3-dən 4-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə endirdiyi dağıdıcı raket zərbələrini və onların arxasında dayanan ehtimal edilən səbəbləri şərh edib:
“Dünən Putin və Tramp arasında baş verən telefon danışığından sonra Rusiyanın Ukraynaya, xüsusilə də paytaxt Kiyevi kütləvi şəkildə raket zərbələrinə məruz qoyması, iki əsas ehtimalı gündəmə gətirir. İlk ehtimal budur ki, Tramp və Putin arasında Ukraynanın təslim edilməsi və ya danışıqlar masasında oturub, ağır güzəştlər şərtinə razılaşılması ilə bağlı bir razılaşma əldə olunub. Bu halda, ABŞ Ukraynaya yardımı azaltmağı vəd edə bilər. İkinci ehtimal isə Putin və Tramp arasında razılaşma əldə olunmaması ilə bağlıdır. Bu halda, Rusiya rəhbərliyi Ukraynaya hücumları şiddətləndirmək qərarına gəlib. Bəzi strateqlər, Rusiyanın bu hücumlarla Ukraynanın müttəfiqlərini, xüsusən də Qərbi, razılığa gətirməyə çalışdığını düşünürlər. Bu iki ehtimalın doğruluğunu müəyyən etmək üçün ABŞ-ın gələcək hərəkətlərinə diqqət yetirmək lazımdır.”
Politoloq vurğulayıb ki, bu ssenarilərin hansının gerçək olduğunu yaxın zamanda ABŞ-ın atacağı addımlar müəyyən edəcək:
“Əgər ABŞ Ukraynaya silah tədarükünü azaldarsa, birinci variantın doğru olduğu ehtimalı güclənir. Əgər ABŞ silah tədarükünü artırarsa, bu halda isə ikinci variant daha real görünür.Nəticə etibarilə, bu telefon danışığı və sonrakı hərəkətlər, həm Ukrayna, həm də beynəlxalq siyasi münasibətlər üçün müəyyən istiqamətlər müəyyənləşdirə bilər.”
Politoloq hazırda Ukraynada vəziyyətin yaxşı olmadığını qeyd edib:
“Ümumilikdə Ukraynada hazırda vəziyyət gərgindir. Luqansk bölgəsinin tamamilə Ukrayna tərəfindən işğal olunduğu bildirilir. Luqansk bölgəsi Donetsklə birlikdə Dombasın əsas iki vilayətindən biridir.”
Zeynal Əmrəliyev hazırda Ukraynadakı vəziyyəti “son dərəcə gərgin” adlandırıb. O, Luqansk bölgəsinin artıq Rusiya tərəfindən işğal olunduğunu və bunun Donbas bölgəsinin bütövlükdə Rusiyanın nəzarətinə keçməsinə zəmin yaratdığını deyib:
“Luqanskın işğalı faktiki olaraq Donbasın Rusiyanın tam nəzarətinə keçməsinə şərait yarada bilər, bu isə Ukraynanın şərqinin tamamilə işğalı deməkdir. Rusiyanın əsas məqsədi də məhz budur. Rusiya “Novoya Rassiya” adlandırdığı torpaqların işğalını hədəfləyir və bu ərazilər, indiki halda, onun ən mühüm strateji nöqtəsidir.”
Politoloq hesab edir ki, qarşıdakı günlərdə Rusiyanın hava və quru hücumları daha da intensivləşəcək:
“Hal-hazırda Rusiya, bombardmanları gücləndirərək bu məqsədinə çatmağa çalışacaq. Bu hücumlar tez-tez təkrarlana bilər və artıq işğal siyasətinin həyata keçirilməsi üçün Rusiyanın bütün təzyiq vasitələrindən istifadə etməsi qaçınılmazdır. Rusiya, həm havadan, həm də qurudan əməliyyatları davam etdirməklə, Donetsk ərazisini də tam nəzarətə almağa və öz planını tamamlamaya çalışacaq. Bu, həm Rusiya üçün, həm də Ukrayna və beynəlxalq aləm üçün əhəmiyyətli bir dönüm nöqtəsidir.”
Nurlan Cəfəri