Zelenski və Putinə amerikansayağı ULTİMATUM: Tramp sərvət bölgüsü APARIR
“Biz zaman-zaman Trampın istər Zelenskini, istərsə də Putini hədəf alan bəyanatlarına şahidlik etmişik. Zelenskini sülh istəməməkdə günahlandırdığı kimi, Tramp Putinə qarşı da zaman-zaman müxtəlif səpkili bəyanatlarla çıxış edib. Məsələn, bir müddət öncə özünün sosial şəbəkə hesabında “Putin dəli olub” kimi status paylaşmışdı və yaxud da “Putinin bu cür fəaliyyəti Rusiyanın sonunu yaxınlaşdırır” kimi mövqe bildirmişdi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O, Tramp və Zelenski arasında gərginləşən münasibətlərin siyasi səbəblərini izah edib.
Onun sözlərinə görə, Trampın bu taktikanın, yəni müxtəlif zamanlarda həm Zelenskinin, həm də Putinin sərt tənqid olunmasından istifadə etmənin effekt verdiyi üçün bu xətti davam etdirir:
“Məsələn, Zelenskiyə təzyiqlər artdıqdan sonra onun ABŞ ilə mineral ehtiyatlara dair saziş imzaladığını gördük. Eyni şəkildə, Rusiya prezidentini hədəf alan bəyanatlardan sonra da Rusiyanın Ukrayna ilə danışıqlara hazır olduğunu və danışıqlar masasına əyləşməyə razılaşdığını müşahidə etdik. Yəni, başqa sözlə, bu taktika effekt verdiyi üçün Tramp tərəfindən davam etdirilir. Təbii ki, Ukraynaya təzyiq daha böyük ölçüdədir. Çünki Ukrayna ABŞ-nin hərbi və maliyyə dəstəyindən olduqca asılı vəziyyətdədir. Tramp da bunu bildiyi üçün maksimum şəkildə tez bir zamanda atəşkəsin əldə olunması, müharibənin dayandırılması üçün daha çox Zelenskiyə təzyiq göstərir. Çünki Tramp üçün Ukraynanın hansı hissəsinin Rusiyanın nəzarətində qalacağı və ya bundan sonra nələrin baş verəcəyi o qədər də önəmli deyil”.
Analitik əlavə edib ki, Ukrayna artıq müvafiq saziş imzalayıb:
“Bu sazişə uyğun olaraq ABŞ Ukrayna ərazisində təbii ehtiyatların hasilatına başlamaq niyyətindədir. Amma müharibə davam edərsə, bombardman altında ora sərmayə qoymaq və iqtisadi fəaliyyətlə məşğul olmaq mümkün deyil. Bu səbəbdən Tramp indi maksimum şəkildə, nəyin bahasına olursa-olsun, müharibənin dayandırılması üçün təzyiq vasitələrindən istifadə edir. Bu tərəfləri real sülhə və müharibənin dayandırılmasına gətirib çıxarırmı? Düşünürəm ki, indiki halda bu faktiki olaraq mümkün deyil. Çünki ABŞ-nin son bəyanatlarından sonra Ukraynanın Qərbdəki, xüsusilə Avropa İttifaqındakı müttəfiqləri Ukraynaya yardımı xeyli artırıblar. Xüsusilə də dünən Ramşteyn Qrupu çərçivəsində keçirilən görüşlərdə Böyük Britaniya, Niderland, Norveç, Belçika və digər ölkələrin indiyə qədər görünməmiş həcmdə Ukraynaya maliyyə və silah yardımı ilə bağlı razılığa gəldiklərinin şahidi olduq”.
“Yəni bu baxımdan, birtərəfli şəkildə yalnız Ukraynaya təzyiq göstərmək effekt verməyəcək. Tramp da Rusiyanın danışıqlar masasında oturmasını, əslində zaman qazanmaq üçün atılan addım olduğunu artıq dərk edib. Yəni Rusiyanın danışıqlara razılıq verməsini onu daha çox qəzəbləndirməmək və dünyanın “sülh istəməyən tərəf” kimi Rusiyanı görməməsi üçün məcburiyyətdən atılan addım olduğunu başa düşüb. Odur ki, bundan sonrakı mərhələdə biz Tramp tərəfindən Rusiya ilə bağlı da təzyiqlərin artırılacağına şahidlik edə bilərik. Məsələn, Konqres tərəfindən sanksiyalarla bağlı təqdim edilən layihənin təsdiqi Rusiyanı olduqca ağır vəziyyətə sala bilər və nəticədə Rusiya müəyyən güzəştlərə getmək məcburiyyətində qala bilər. Ona görə də indi biz Trampın həm Zelenskiyə, həm də Putinə qarşı zaman-zaman verdiyi bəyanatlara ABŞ-ın maraqları kontekstində baxmalıyıq”, – deyə o, əlavə edib.
R. Bayramov əmindir ki, ABŞ maksimum şəkildə tez bir zamanda Ukrayna ərazisində təbii sərvətlərin istismarına başlamaq istəyir:
“Rusiyaya təzyiq göstərməklə də oradan müvafiq imkanları əldə etmək niyyətindədir. Çünki məlumdur ki, Trampın Rusiya ehtiyatlarına çıxış əldə etməklə bağlı istəkləri də mövcuddur və bu məsələ bir neçə dəfə ABŞ-Rusiya görüşlərində də dilə gətirilib. Odur ki, biz növbəti mərhələdə də Tramp tərəfindən bu cür sərt ritorikanın davam edəcəyinə şahidlik edəcəyik. Bəyanatların konkret olaraq içində nə deyilməsi isə bir o qədər əhəmiyyət daşımır. Yəni bu gün Zelenskinin davranışlarının nüvə müharibəsinə səbəb ola biləcəyini deyən Tramp özü də yaxşı bilir ki, Rusiyanın nüvə arsenalından istifadə etmək imkanı real deyil. Çünki nüvə müharibəsi başlasa, bu, Rusiya üçün faktiki son demək olar. O baxımdan biz Trampın bəyanatlarında nə deyildiyindən çox, bu bəyanatların kimə ünvanlandığına baxmalıyıq. Trampın dediklərində vacib olan sərt ritorikanın mahiyyəti və bu ritorikanın yaratdığı təzyiqdir. Bu təzyiqlərin isə ən vacib məqsədi ABŞ-nin maraqlarının tez bir zamanda təmin olunmasından ibarətdir”.
Rafi Müslümov