Zəngəzur dəhlizi ilə bağlı Moskvadan gələn “əlavə şərtlər” – Kreml Bakıya nəyi DİKTƏ EDİR?

media-hightechnic-468x90

“Zəngəzur dəhlizi ilə bağlı əlavələrin olduğunu bildirənlər bu əlavələri mediaya açıqlamalıdırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, analitik Xəyal Bəşirov bildirib.

media-xeyal-besirov

Analitik Rusiyanın XİN rəhbəri Sergey Lavrovun “Zəngəzur dəhlizinə bir sıra əlavələr edilməlidir” fikirlərini şərh edib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı son zamanlarda əldə edilmiş uğurlar daha çox 8 avqust tarixində Vaşinqtonda keçirilən görüşdə əldə olunan razılaşmada əksini tapıb:

“Eyni zamanda, daha sonra Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan Prezidentinin dövlət və hökumət başçılarının qarşısında Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının mövqeyini onların diqqətinə çatdırması bu mövzunu dünyanın da diqqətinə gətirdi. Bu gün dünya dövlətlərinin – həm şərq, həm qərbdən olan dövlətlərin mütləq əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyir və Zəngəzur dəhlizinin açılmasından yana olduqlarını həm bəyanatlarında, həm də əməllərində göstərirlər”.

X. Bəşirov Zəngəzur dəhlizinin açılmasından narahat olan qüvvələrin olduğunu da dilə gətirib:

“Bəzi qüvvələr bu məsələdən çox narahatdır. Düşünürəm ki, bu qüvvələrdən bəziləri – ilk növbədə isə Rusiya buna əvvəlcə səssiz yanaşsa da, daha sonra rusiyalı rəsmilər tərəfindən fərdi fikirlər səsləndirildi. Diplomatik dildə desək, bəzi ehtiyatlı terminologiyadan istifadə edərək bu məsələni dilə gətirirlər. Hər bir halda, biz bu narahatlığı onların ifadələrindən sezə bilirik. Lavrov Rusiya xarici işlər naziri kimi Zəngəzur dəhlizi ilə bağlı zəruri əlavələrin olması haqqında fikir səsləndirirsə, o halda buna aydınlıq gətirməlidir”.

“Onlar unutmamalıdırlar ki, bu məsələ Moskvada 10 noyabr tarixində və ya Vaşinqtonda müzakirə edilə bilərdi. Bu məsələ daha çox keçmiş Qarabağ münaqişəsinin tərəfləri kimi bu gün sülh prosesində iştirak edən, münasibətlərin normallaşmasını həyata keçirən Azərbaycan və Ermənistan tərəfindən həll olunur. Azərbaycan özünə aid olan hissədə, Ermənistan isə onun ərazisindən keçən 42 kilometrlik ərazi barədə öhdəliklər götürüb”, – deyə siyasi təhlilçi söyləyib.

O, qeyd edib ki, Moskva və Vaşinqton danışıqlarından kənar hər hansı üçüncü bir dövlət bu məsələdə mövqe ortaya qoyursa və xüsusilə də bu məsələyə mane ola biləcək mövqe sərgiləyirsə, o halda onlar bu prosesə təsir etmək imkanına sahib olmurlar:

“Bu o demək deyil ki, hansısa kənar qüvvələr bu məsələdə fikir bildirmək üçün legitim sahibdirlər. Kənar dövlətlər yalnız buna dəstək ola bilərlər və Zəngəzur dəhlizinin açılması istiqamətində tövsiyələrini və ya hansısa formada müsbət dəstək verə biləcəklərini ortaya qoya bilərlər. Amma buna mane olmaq, Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmalara zidd fikir səsləndirmək həmin fikirlərin qeyri-ciddiliyindən xəbər verir”.

“Bu baxımdan, düşünürəm ki, Rusiyanın xarici siyasətinə rəhbərlik edən şəxs hansısa əlavələrin olması ilə bağlı fikir səsləndirirsə, bununla bağlı mətbuata da açıqlama verməlidir. Hansı əlavələrdən söhbət gedir? Bu əlavələr hansılardır ki, Azərbaycan və Ermənistan bunları görməyib, Rusiya isə onların daxil edilməsini zəruri sayır? Ona görə də zənnimcə, bu, real yanaşma deyil”, – deyə o, əlavə edib.

“Zəngəzur dəhlizi hər bir halda istifadəyə veriləcək və dəhlizin açılması bütün prosesdə bu və ya digər formada fikir səsləndirən qüvvələrin aid olduqları dövlətlərin də maraqlarına cavab verəcək. Çünki bu dəhliz sülh dəhlizi, ticarət dəhlizi olacaq, enerji layihələri ilə zəngin dəhliz olacaq. Qeyd etdiyim amillər yalnız iqtisadi çiçəklənmə və digər müsbət meylləri diktə edir. Hesab edirəm ki, buna mane olmaq ümumilikdə bu proseslərə mane olmaq deməkdir”, – deyə o, fikirlərini tamamlayıb.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa