Zərnigar Ağakişiyeva: “Söyüş söyərək üstümə yeridi”…

media-hightechnic-468x90

Adı hər zaman kaprizli aktrisalar sırasında çəkilir. Amma bu mənfi hal kimi onun ayağına yazılmır. Çünki onun kaprizlərinə dözmək də xoş təsir bağışlayır. Axı sıradan biri deyil, sənətkardır. Əsl sənətkar kaprizi ilə də gözəldir.

Söhbət xalq artisti, tanınmış aktrisa Zərnigar Ağakişiyevadan gedir. İstər səhnədə, istərsə də kinoda mükəmməl xarakterlər yaradan aktrisanın müsahibəsini Yeniçağ.az-ın oxucularına təqdim edirik.

– Zərnigar xanım, bilirik ki, əhval-ruhiyyə adamısınız, ovqatınız olmayanda danışmaq istəmirsiniz. Xüsusən də jurnalistlərdən həmişə gen gəzib dolanırsınız. Buna rəğmən, bəxtimi sınamaq istədim…

– Niyə ki, həmişə səninlə danışmışam. Əslində, xəstəlik insanı o hala salır ki, əhval-ruhiyyəsini də əlindən alır. Ha çalışırsan ki, şən olasan, amma görürsən ki, yox, “şəkər” altdan-altdan öz işini görür.

– Axı biz də sizi yeni tamaşalarda, filmlərdə, efirlərdə görmək istəyirik. Darıxırıq sizsiz…

– Hərdən efirlərə çıxıram. Amma bir dəfə çıxanda bir ilə bəs edir. İstəmirəm tamaşaçımı bezdirim və gözündən düşüm.

– Bəs tamaşa, film? Axı aktyor, aktrisa səhnəsiz, çəkiliş meydançasız sudan çıxarılmış balığa bənzəyir. Belə çətin deyil sizə?

– Sağ olsun gənc rejissorları, filmlərə dəvət edirlər, amma özüm razılıq vermirəm. Əvvəlki halım yoxdur ki, saatlarla çəkiliş meydançasında gözləyim, enerji itirim. Düşünürəm ki, birdən razılıq verərəm, çəkiliş zamanı hövsələm daralar, filmi yarımçıq qoyaram. Sözün düzü, rejissoru pis vəziyyətdə qoymaq istəmirəm, ona görə bəribaşdan dəvətlərdən imtina edirəm.

– Əhval-ruhiyyə adamları üçün həmişə fəsillərin də rolu olub. Qışla aranız necədir?

– Sevmirəm soyuq ayları. Səbirsizliklə, yaz və yayı gözləyirəm. Soyuq fəsillərdə evdən bayıra çıxmıram, elə özümə qapılıram. Amma yaz gələndə təbiətlə təmas quracam. Mən təbiət vurğunuyam axı.

– Darıxırsınız tamaşaçı üçün?

– Mən onlarla həmişə ünsiyyətdə oluram. Hər zaman tamaşaçım məni sevib, seçib və fərqləndirib. Mən bütün varlığımla özümü onlara həsr etmişəm. Tamaşaçılarımın qarşısında həmişə baş əyirəm. Hətta məni sevməyəni də sevmişəm. Demək ki, o insanın zövqü başqadır.

– Bizim aktyorlar nədənsə epizodik rolları sevmir, həmişə baş qəhrəman olmağı üstün tutublar. Sizin üçün necə, rolun həcmi önəm daşıyıb? Mənə maraqlı gəldi, axı siz özünüz də həmişə baş rollarda çıxış etmisiniz…

– İstər böyük, istər balaca, istərsə də orta- mənim üçün rolun fərqi olmayıb. Səhnəyə ani gəlişinlə ömürlük tamaşaçı yaddaşına köçə bilərsən. Yaşar Nuri ilə bağlı bir məqamı danışacam, siz onda görəcəksiniz ki, kiçik rollarla necə böyük obraz yaratmaq mümkündür. Onu da deyim ki, biz Yaşarla eyni kursda oxumuşuq, tələbə yoldaşı olmuşuq. “Adamın adamı” tamaşasında onun bir rolu var, demək olar ki, kiçik bir səhnədir. O bu rolu rejissordan özü istəmişdi. Səhnəyə çıxıb iki kəlmə söz deməliydi. Yaşar Nuri səhnəyə çıxıb, elə bir hərəkət elədi ki, şoka düşdük. O, heç kimin gözləmədiyi halda, öz rolunu təqdim edəndən sonra qəfildən “Qaytağı” oynadı və şıdırğı rəqsin sədaları altında səhnəni tərk etdi. Bu mohtəşəm səhnə idi. Zal onun bu rəqsinə gurultulu alqışlarla cavab verdi. Başqa aktyorun heç yatıb yuxusuna da bəlkə girməzdi bu improvizə. Bunu Yaşar eləyə bilərdi. Elədi və bir balaca obrazla tamaşaçını qazandı və digər böyük rollarda çıxış edən aktyorlar onun kölgəsində qaldı. Yəni rolun böyük-kiçikliyi önəm daşımır. Adi bir yeriş, bir hərəkətlə səhnəni doldurub, əbədi yaddaşa köçə bilərsən. Sözsüz bir hərəkət dərin məna ifadə edə bilər. Bunu da hər aktyor bacarmır. Kiçik rolu böyük aktyorlar böyüdə bilir.

– Zaman-zaman mənfi rollar oynayan aktyorlarımız tamaşaçı nifrəti ilə qarşılaşıb. Maraqlıdır, belə halla qarşılaşan aktyor hansı hissləri yaşayır. Siz özünüz də mənfi obrazların öhdəsindən məharətlə gələn aktrisasınız, yəqin ki, bu hissləri yaşamamış deyilsiniz…

– Hə, çox olub belə rollarım. Müsbət rolu oynamağa nə var ki, mənfi obrazları yaratmaq aktyordan yaradıcılıq tələb edir. Müsbət rol onsuz da sevilir, oğul ona deyərəm ki, mənfi rolla nifrət qazana biləsən. Belə obraz tamaşaçını əsəbiləşdirir, həyəcanlandırır. Hətta tamaşaçı narahat olur ki, aman Allah, belə müsbət insan necə alçaq, əclaf bir obrazı yarada bilir. Bu da aktyorun uğurudr. Zalda qəzəblənənlər olub.

– Hansı rolunuzla özünüzə nifrət qazandıra bilmisiniz?

– Ən böyük nifrəti Cəfər Cabbarlının “Sevil” tamaşasında oynadığım Dilbərlə qazanmışam. Balaşı Sevilin əlindən aldığım üçün tamaşa zamanı bir kişi səhnədə oynadığım yerdə söyüş söyərək üstümə yeridi. Səhnəyə qalxmağına iki-üç addım qalmışdı. Mən də düz pilləkənin kənarinda dayanmışdım. Səhnəyə çıxsaydı, məni onun əlindən ala bilməyəcəkdilər. Çox qorxdum, həmin an Sevil obrazında çıxış edən Səfurə İbrahimova ilə dəhşət içərisində bir-birimizə baxdıq.Tez özümü səhnənin ortasında qoyulan kresloya çatdırdım və oturdum. Artıq təhlükə sovuşmuşdu. Mən özümə gəlib, ürəyimdə dedim: “İndi hünərin var, çıx səhnəyə”.

– Tamaşadan sonra o kişi yolda qarşınızı kəsib nəsə demədi ki?

– Yox, heç vaxt tamaşaçı səhnədən kənarda mənə hörmətsizlik etməyib. Mən həmin kişini heç qınamadım da. Çünki mən elə oynamışdım ki, o, mənə nifrət eləyə bilmişdi. Tamaşaçım mənə o qədər məktublar, şeirlər yazıb ki…

– Saxlamısınız onları?

– Hamısını. Onları yalnız özüm oxuyuram.

– Səhnədə ən çox sevdiyiniz tərəf-müqabiliniz kim olub?

– İnanın ki, mən heç birinə fərq qoymamışam. Çünki bizim dövrümüzdə bütün tərəf-müqabilləri öz rollarının öhdəsindən məharətlə gələn aktyorlar olub.

– Bir çox məşhur aktyorlarımız olub ki, həyatda küsülü ola-ola səhnədə bərabər oynayıblar, amma bunu tamaşaçıya hiss etdirməyiblər. Sizdə belə hal yaşanıb?

– Olub, amma həyat başqa, səhnə başqa. Aktyorun bir missiyası da başqalaşmaqdır. Mən səhnədə həyatdakı Zərnigar olmuram axı, kiminləsə də küsülü olduğumu hiss etdirəm. Tamaşada başqalaşıram və obraza girirəm. Həmin adam da həmçinin… O halda, küsülülük, inciklik səhnə arxasında qalıb.

– Bəzən rollarınıza tamaşaçı kimi baxanda aktrisa Zərnigar Ağakişiyevanı necə dəyərləndirirsiniz?

– Müəyyən tamaşalara sonradan oturub, bir tamaşaçı kimi baxmışam. Elə indinin özündə də televizorda göstəriləndə baxıram, analiz edirəm. Bayram günü “Ordan-burdan” tamaşasına baxırdım, öz-özümə dedim ki, bax bu məqamda başqa cür oynaya bilərdim. Elə rollarım olub ki, hansısa bir məqam xoşuma gəlib, hətta təəşşüblənmişəm. Ürəyimdə özümə xoş sözlər demişəm. Amma deyim ki, baxıb öz rollarımdan ötrü əldən gedirəm, yalan olar. Mən səhnədə tamaşa oynadığım an öz rolumdan zövq alıram. Tamaşaçı kimi özümə baxanda yox.

– Səhnədə bəxtigətirmişlərdənsiniz, bəs həyatda?

– Mən deyərdim ki, səhnədə bəxtigətirənlərdənəm. Bəzən insanlar mənə o qədər böyük dəyər verir, o qədər böyük sevgi ilə yanaşırlar ki, özüm-özümə heyrətlənirəm. Buna görə də səmimi etiraf edim ki, aktrisa kimi daha çox bəxtim gətirib.

– Söhbətə başlamazdan əvvəl dediniz ki, xəstəlik fiziki gücünüzü aldığına görə filmlərdən imtina edirsiniz. Bəs mənəvi gücünüz necə… xəstəliyə yenilirmi?

– Yox, mən həmişə həyatdan güc almışam. Həyatı sevə-sevə yaşamışam. Elə indinin özündə də həyatdoluyam.

– Yəqin ki, Xoruz ilindən çox şeylər gözləyirsiniz. Ümumiyyətlə, inanırsınızmı illərə, bürclərə?

– Bürclər, illər ta qədimdən sınaqdan keçib. Bəzən kimsə deyir ki, bu il mənə düşmədi, yaxud da kədərli hadisələr yaşadım. Məncə, bunun hansısa illə, yaxud da bürclə əlaqəsi yoxdur, bu, həyatın qanunudur. İnsan həmişə sevinc içində yaşamır axı. Qaldı ki, Xoruz ilinə, yaxşılığa yozulur. Xoruz təkəbbürlüdür, ailəsinin müdafiəçisidir. Dən toplayır və toyuqları başına yığıb, onlara himayədarlıq edir. Ailəsinə diqqət yetirir, onu dolandırır.

– Demək ki, bu il kişilər xanımlarına daha çox diqqət ayıracaqlar…

– Kişilər hər zaman qadınlara diqqət ayırır. Şərt o deyil ki, maddi cəhətdən ona diqqət eləsin, nəsə bahalı bir hədiyyə alsın. Kişilərin diqqəti onların ruhundadır. Mənəvi diqqət maddi diqqətdən çox yüksəkdədi. Mənim anlamımda həmişə belə olub. Özü də bu səmimiyyəti gərək hiss edəsən.

Cəvahir Səlimqızı

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600