Deputatdan 30 manatlıq yardıma REAKSİYA: "Bu məbləğ çox azdır"
Xəbər verdiyimiz kimi, 3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar Sosial Xidmətlər Agentliyi tərəfindən verilən 30 manatlıq maddi yardımın təhvil alınması qaydası ciddi narazılıqlara səbəb olmuşdur. Yardımın DSMF-nin yerli şöbələrinə şəxsən müraciət edərək və ya onlayn şəkildə müraciət edərək alınması tələbi, xüsusilə regionlarda yaşayan vətəndaşlar üçün çətinliklər yaratmışdır.
Belə ki, bölgələrdən şöbələrə gəlmək üçün yol xərci təxminən 15 manata yaxın edir ki, bu da verilən yardımı faktiki olaraq yarıya endirir. Hərəkət imkanları məhdud olan şəxslərin bu məsafəni qət etməsinin çətinliyi məsələnin sosial şəbəkələrdə geniş narazılıqla qarşılanmasına səbəb olmuşdur. Digər bir tərəfdən isə müraciətlərin həm də onlayn formada qəbul edilməsi, onlayn xidmətlərdən geniş şəkildə istifadə edə bilməyən vətəndaşların böyük bir qismi üçün çətinlik yaradır.
Mövzu ilə bağlı Yenicag.az–a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, həmin məbləğin 30 AZN olması çox azdır.
“Əlillərin hamısı DSMF-də qeydiyyatdadır. Aylıq müavinətlərini kartla alırlar. Elə bu məbləği də kartlarına köçürmək lazımdır,” – deyə o bildirib.
Samir Məcid












