Tramp-Əl Şaraa görüşü: Suriya üçün yeni açılan fürsət qapısı
“Suriya hökumətinin SDF-nin idarəsində olan bölgələrə nəzarəti ələ almaq üçün Trampa ehtiyacı var”.
Bunu Suriya və ABŞ liderləri arasında Vaşinqtonda baş tutuan görüş barədə fikirlərini bölüşən politoloq Aytən Qurbanova Yenicag.az-a açıqlamasında bildirib. 
Politoloq qeyd edib ki, ABŞ Suriyanın bərpasına töhfə vermək niyyətindədir:
“Trampın Suriya hökuməti və SDF-ni bir araya gətirməsi, əslində, bir çox istiqamətdə Suriyada yenidənqurma prosesi və Suriyanın müstəqilliyinin bərpa olumması ilə bağlı atılan addımlara bir növ dəstək xarakteri daşıyır. Çünki son Tramp – Əl Şaara görüşü çərçivəsində əldə edilmiş razılıqların nəticəsi olaraq müəyyən müddət ərzində ABŞ Suriyaya tətbiq edilən sanksiyaların dayandırılmasına qərar verib və bu, əsasən, Suriyanın bərpası, demokratiyaya keçid, yeni idarəçilik sisteminin formalaşması ilə bağlı davam edən prosesə töhfə kimi qiymətləndirilir”.
A. Qurbanova Suriya hökumətinin ölkənin bütün bölgələrində nəzarəti ələ keçirmək planından bəhs edib:
“Bu proses çərçivəsində müəyyən razılıq əldə olunsa da, real addımlar konkret şəkildə hələ də atılmayıb və bunun tamamlanması prosesi ABŞ-nin tərəfləri bir araya gətirməsi və bu istiqamətdə Suriya hökumətinə etimad göstərməsi ilə mümkün ola bilərdi. Əldə olunan son razılıqlar onu göstərir ki, sanksiyaların yumşaldılması həm xarici investisiyaların cəlb edilməsi, həm də iqtisadi imkanların artırılması, eləcə də idarəçiliklə bağlı olan boşluqların aradan qaldırılması ayrı-seçkiliyə yol vermədən vahid hökumətin formalaşdırılması ilə bağlı Suriyada keçid dövrünü tamamlayacaq hadisələri özündə ehtiva edir. Düşünürəm ki, bu razılıqlar kağız üzərində qalmasa və əldə olunmuş razılıqlar istiqamətində real addımlar atılsa, biz nəhayət ki, Suriyada sülh və sabitliklə bağlı real addımların atıldığının şahidi ola bilərik.”
Nurlan Cəfəri












