10 ayda satılan ərzaq məhsullarının dəyəri açqlandı
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615.7 milyon manatlıq məhsul satılıb. Bunun 28 milyard 664.5 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 23 milyard 951.2 milyon manatı isə qeyri-ərzaq mallarına aiddir.
Yenicag.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.8 faiz artıb.
Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1.3 faiz, qeyri-ərzaq malları üzrə isə 6.7 faiz təşkil edib.
Hesabat dövründə alıcıların xərclərinin strukturuna görə: 50.4%-i ərzaq məhsullarına, 4.1%-i içkilər və tütün məmulatlarına, 14.3%-i toxuculuq məhsulları, geyim və ayaqqabılara, 6.0%-i avtomobil benzini və dizel yanacağına, 4.9%-i elektrik malları və mebellərə, 2.4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1.4%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 16.5%-i digər qeyri-ərzaq mallarına sərf olunub.
Qeyri-dövlət sektoru tərəfindən satılmış malların dəyəri ümumi pərakəndə ticarət dövriyyəsinin 99.8%-ni təşkil edib və real ifadədə 3.8 faiz artıb. Müəssisələr üzrə dövriyyə 7.1%, fərdi sahibkarlar üzrə 1.2%, bazar və yarmarkalarda isə 4.9 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfəri orta hesabla ayda 513.8 manatlıq mal alıb ki, bunun 279.9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 233.9 manatı isə qeyri-ərzaq mallarına aiddir.












