Ermənilərin məhşur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmaya start verdiyimizi diqqətinizə çatdırmışdıq.
Deyir, uğuru çox adam üstünə götürür, uğursuzluqda isə günahkar tapmaq olmur. Mətbuatdan bildiyimiz kimi ermənilərin məşhur “Arabo” batalyonunun məhvini bir çoxları öz üzərinə götürüb, özləri haqqında qəhrəmanlıq salnamələri yazdırıb. Ancaq döyüşün əsl iştirakçıları susub…
Gəncə şəhərindəyik. Bizi həmin döyüşün iştirakçıları qarşılayır. Keçmiş döyüşçülərin hərəsi bir yandan – Azərbaycanın müxtəlif rayonlarından, hətta Rusiyadan belə gəliblər. Məqsəd isə yeni qəhrəmanlıq səlnaməsi yazmaq yox, həqiqətləri üzə çıxartmaqdır.
Döyüşçülərlə bir-bir söhbət etdikdən sonra, onların komandiri olmuş Mehman Ələkbərovun qəbrini ziyarətə gedirik. Dualar oxunur, xatirələr canlanır…
Ötən yazıda “Arabo”nun məhvini lentə alan operator İlhami Ağayevin xatirələrindən bəhs etmişdik. Həmin kadrlara baxanda görürdüm ki, düşmən əsgərlərinin bir çoxunun bədəni parça-parçadır. Texnikanın işləmədiyi bir döyüşdə bunun qumbaraatanla edildiyi döyüşün iştirakçıları tərəfindən təsdiqlənir.
Yenicag.az-ın budəfəki həmsöhbəti həmin o məşhur döyüşdə qumbaraatanla böyük şücaət göstərmiş Mahir Hüseynovdur.
Mahir Hüseynovu tanıyaq.
Qısa arayış:
Mahir Şəmil oğlu Hüseynov – 1966-cı il may ayının 1-də Gəncədə anadan olub. Karatedən dərs deyib.
1992-ci ilin əvvəlində Mehman Ələkbərovun komandiri olduğu 818 saylı Gəncə batalyonuna qoşulur. Mehman Ələkbərov Mahir Hüseynovu Gəncə batalyonunun kəşfiyyat bölüyünün komandiri təyin edir. Mehman Ələkbərov şəhid olduqdan sonra Gəncə batalyonu dağıdılır. İkinci dəfə Gəncə batalyonu yaradılır. Sonradan həmin batalyonun komandiri Mahir Hüseynov təyin edilir. Mahir Hüseynov Vaqauz kəndində ölümcül yaralanana qədər müharibədə iştirak edir. 2 dəfə ağır yaralanıb.
– Döyüş yolunuz haradan başlayır?
– İlk dəfə Marquşavandan başlamışam. Daha sonra Marağa, Aşağı Çaylı, Yuxarı Çaylı, Həsənqaya, Ağdərə, Drımbon, Artek, Koçakot, Vaqauz, Çıldıran və digər döyüşlərdə iştirak etmişəm.
– Ermənilərin “Arabo” batalyonunun qırılmasında fəal iştirak etmisiniz. Ermənilərin orada olması barədə məlumat əldə etmişdiniz, yoxsa bu, qəfil alındı?
– Gecə saatlarında rəhmətlik Mehman Ələkbərov və bir neçə nəfərlə kəşfiyyata getmişdik. Saat 4 olmazdı. Kəşfiyyatdan qayıdıb, batalyonun yerləşdiyi maşın qarajlarına gəldik. Qumbaraatan və mərmiləri yanıma qoyub, yatdım. Elə təzəcə mürgüləmişdim ki, səsə ayıldım. İçəri girən bir nəfər dedi ki, ermənilər hücuma keçib. Ayılanda yanımda gənc əsgərlər vardı. Onlara dedim ki, qumbaraatan mərmisindən çox götürün. Qarajdan bayıra çıxanda güllə dolu kimi yağmağa başladı. “QAZ 66” markalı maşın vardı, arxasında da pulemyot yerləşdirmək olardı. Mehman Ələkbərov pulemyotu götürüb, qoydu “QAZ 66” -nın arxasına. Özü də yaxşı maşın sürə bilmirdi. Maşını arxaya-arxaya verərək ermənilərə tərəf gedib, onları gülləyə tutmaq istəyirdi. Mən də sağ tərəflə irəliləyirdim. Birdən Mehman Ələkbərov döyüşün mövqeyini dəyişdi. Güllələrin gəldiyi tərəfə yox, sağ tərəfə getməyi tapşırdı. Mehman Ələkbərov mənə dedi ki, irəli gedə bilərsənmi? Dedim, əlbəttə. Ermənilərin qırıldığı su arxının sağ tərəfində evəbənzər bir tikili vardı. Komandir məndən soruşdu ki, o evi vura bilərsən? Dedim, vuraram. Əmrdən sonra evin damını qumbaraatanla vurdum. Evin damı çökdü. İçərisindən bir neçə düşmən döyüşçüsü çıxıb qaçdı.
Mehman Ələkbərov döyüşün istiqamətini dəyişdikdən sonra mən bir neçə nəfərlə sağ tərəfdən, digər batalyonunun əsgərləri də sol tərəfdən irəlilədik. Evin damını vurandan sonra arxaya qayıtmağa heç bir imkan yox idi. Qaçaraq, sürünərək, gəlib xırda təpə kimi yerə çıxdıq. Sürünərək yuxarı qalxanda (aramızda 2-3 metr məsafədə olardı) bir də gördüm ki, bir nəfər təpənin üstünə çıxdı. Uzanıqlı vəziyyətdə başımı torpağa dirəyib, tətiyi çəkdim. Hara atdım, necə atdım, nə etmək istəyirdim bilmirəm. Bir də gözümü açdım ki, həmin düşmən əsgərinin ayağı ağacdan asılı qalıb. Video görüntüdə də ayağı olmayanı görə bilərsiz. Qulaqlarım batmışdı. Artıq özümü hiss etmirdim, əsgərlər qumbaraatanı doldururdu, mən də atırdım.
– Bəs digər döyüşçülər hansı işləri gördülər?
– Batalyonumuzun digər döyüşçüləri də sol cinahdan erməniləri qırırdı. Ermənilər tam mühasirədə idi. Açığı, onlar çaş-baş qalmışdılar. Qumabaraatanla bir tərəfdən, Mehman Ələkbərov “QAZ 66″nın arxasına quraşdırdığı pulemyotla bir tərəfdən, digər əsgərlər də bir tərəfdən mühasirədə olan erməniləri “biçirdik”.
Döyüş vaxtı çox maraqlı bir epizod yarandı. Gənc əsgərlərdən biri qumbaranı ermənilərə atmaq istəyəndə qumbara işıq dirəyinə dəyib düşdü ortamıza. Təpiklə vurdum, düşdü yanımızdakı kanala, partladı. 1 saniyə gecikmə olsaydı, indi oradaca ölmüşdük.
– Döyüşdə təxminən neçə nəfər iştirak edib?
– 124 ermənini 30 nəfərə yaxın adam qırıb. Sonradan qoşulanlar da oldu, onlarla birlikdə 40 nəfər olmazdıq heç.
– Ermənilərin “Arabo” ilə bağlı çəkdikləri filmlərə baxanda məlum olur ki, onlar planlı şəkildə və qisas almaq üçün gəliblər. Sizdə necə, kəşfiyyat məlumatı vardı? Yoxsa hər şey qəfil baş verdi?
– Şəxsən mən əminliklə deyə bilərəm ki, bu barədə heç kimin informasiyası yox idi. Bəlkə bizi hazırlasaydılar ki, belə bir batalyonla qarşılaşacaqsınız, bu döyüş belə alınmazdı. Şəxsən məndə də, o döyüşdə bizimlə birgə çiyin-çiyinə döyüşən digər döyüşçülərdə də o cürət olmazdı. Özüm-özümə həmişə fikirləşirəm ki, yəqin bu, Allahın o gün bizə olan mərhəməti, erməniyə olan qəzəbi, bəlkə də o batalyonun törətdiyi qırğınların cəzası idi… Hər nə idisə, biz 30-40 nəfərlə 124 vəhşini qanına qəltan etdik.
Heç kim deyə bilməz ki, məndə qorxu yoxdur, hər bir insanda qorxu var. Bəlkə də, “Arabo”nun qırdığı qaradağlıların, xocalıların ahı idi ki, biz onları qırdıq.
– Döyüşdə Mehman Ələkbərovun rolu necə oldu?
– Komandirin verdiyi ani qərarlar döyüşün taleyini həll etdi. Digər komandirlərdən fərqli olaraq, Mehman Ələkbərov özü döyüşdə ən öndə gedənlərdən biri oldu və “QAZ 66”-nın arxasına qoyduğu pulemyotla düşmənə göz açmağa imkan vermədi.
Açığı, “Arabo”nu məhv edənə qədər elə bilirdim ki, ancaq ermənilərə qarşı döyüşürük. Onların üstündən çıxan sənədlərə baxanda məlum oldu ki, onların çoxusu muzdlu döyüşçülərdir. O döyüşdən sonra ermənilər sarsılmışdılar. Sonrakı kəndləri 15-20 dəqiqəlik atışma ilə alırdıq.
P.S. Növbəti yazı həmin döyüşün digər iştirakçısı “Çalpapaq” ləqəbli Mahir İsa oğlu Nağıyevin döyüş yolundan bəhs edəcək.
Səxavət Məmməd
www.yenicag.az