Qəndəharla Kabil arasında AÇIQ SAVAŞ: Qadın təhsili problemi Talibanı parçalayır
Əfqanıstanda Talibandaxili ziddiyyətlər getdikcə dərinləşir. Qəndəhar mərkəzli sərt ideoloji xətt ilə Kabildə formalaşan daha praqmatik qanad arasında ciddi fikir ayrılığı yaranıb.
Yenicag.az xəbər verir ki, Talibanın ali rəhbəri Hibetullah Ahundzadənin qurduğu mütləq hakimiyyətə qarşı, daxili işlər naziri Siracəddin Hakkani xüsusilə qadınların təhsili və idarəetmə üslubu ilə bağlı açıq etirazlar edir.
Taliban daxilində artan gərginlik
BMT Təhlükəsizlik Şurasının 2025-ci ilin dekabr hesabatında bildirilir ki, ölkə Qəndəhar Qrupunun sərt ideoloji basqısı ilə Siracəddin Hakkani rəhbərliyindəki daha praqmatik xətt arasında gedən güc mübarizəsinin mərkəzinə çevrilib. 2021-ci ilin avqustunda başlayan ikinci Taliban dönəmi Əfqanıstan üçün ümid deyil, daha çox böhranın simvolu kimi xarakterizə olunur.
Ahundzadənin mütləq hakimiyyəti
Hesabatda qeyd olunur ki, əsas problemlərdən biri Hibetullah Ahundzadənin “Möminlərin əmiri” adı ilə ölkəni Qəndahardan idarə etməsidir. Ahundzadə ənənəvi məsləhətləşmə mexanizmlərini kənara qoyaraq, qapalı və sərt idarəetmə sistemi qurub. Rejimin min il əvvəl yazıldığı iddia edilən “Kunduri” adlı fiqh kitabına əsaslanaraq qərarlar verməsi tənqid olunur. Bu yanaşma beynəlxalq aləmdə “orta əsr düşüncəsinin dirçəldilməsi” kimi qiymətləndirilir.
Hakkani açıq etiraz edir
Qəndəharın ideoloji basqısına qarşı ən kəskin mövqe daxili işlər naziri Siracəddin Hakkani tərəfindən sərgilənir. Taliban daxilində böyük nüfuza malik olan Hakkani qadınların təhsil hüququnun məhdudlaşdırılması və internetin kəsilməsi kimi məsələlərdə Ahundzadəyə qarşı çıxır. Onun İslamı zorakılıq vasitəsi deyil, ədalət və mərhəmət mənbəyi kimi görən yanaşması Kabildəki digər rəsmilər üçün də ümid yeri sayılır.
Təhsilin ideoloji alətə çevrilməsi
BMT-nin məlumatına görə, Əfqanıstanda təhsil sistemi tamamilə ideoloji nəzarət altına alınıb. Demokratiya, insan hüquqları və vətəndaşlıq kimi mövzularla yanaşı, 18 akademik sahə qadağan edilib. Milyonlarla qız uşağı orta məktəb və universitet təhsilindən məhrum olunub. Bunun fonunda işsizlik səviyyəsinin təxminən 75 faizə çatdığı, əhalinin 70 faizinin humanitar yardıma möhtac olduğu və iqtisadiyyatın sürətlə gerilədiyi vurğulanır.
Təhlükəsizlik və xaos
Hesabata əsasən, Əfqanıstanda İŞİD-Xorasan da daxil olmaqla 20-dən çox terror qruplaşması aktiv fəaliyyət göstərir. Qəndəhar Qrupunun bu təşkilatlara qarşı qeyri-müəyyən mövqeyi və terrorla mübarizədəki zəiflik ölkənin beynəlxalq təcridini daha da dərinləşdirir.
“Xalq üsyanı yaxındır”
Sənəddə bildirilir ki, Qəndəhar Qrupunun zorakı idarəetməsi uzunömürlü ola bilməz. 2025-ci ilin yanvarında sızdırılan səs yazılarında Ahundzadənin daxili parçalanmanın rejimi çökdürə biləcəyini etiraf etdiyi xatırladılır. Ekspertlər hesab edir ki, bu siyasət iflasa uğrasa, iqtisadi səfalət və təhsildən məhrum edilən qızların etirazı böyük bir xalq üsyanına çevriləcək.
Qarşı mövqe və təkziblər
Bununla belə, sözügedən hesabata alternativ yanaşmalar da mövcuddur. Bəzi tərəfdarlar iddia edirlər ki, qız uşaqlarının təhsili qadağan edilməyib, sadəcə müəyyən qaydalarla tənzimlənib. Onların fikrincə, Talibanın köləliyi bərpa etməsi və uşaq istismarına göz yumması ilə bağlı iddialar əsassızdır. Rejim tərəfdarları bu cür xəbərlərin mənbəyinin Soros tərəfindən maliyyələşdirilən və qərəzli fəaliyyət göstərən “Rawadari” adlı müxalif qurum olduğunu irəli sürürlər.
İsmayıl Yusifoğlu
Yenicag.az












