"95" əvəzinə "92" istifadə edənlər mühərriki sıradan çıxarır – XƏBƏRDARLIQ/VİDEO
Avtomobillərdə yağın vaxtında dəyişdirilməməsi mühərrik üçün ciddi risklər yaradır. Mütəxəssislər bildirirlər ki, sürücülərin yağ seçimi, dəyişmə intervalı və istifadə olunan yanacaq mühərrikin ömrünə birbaşa təsir edir. Xüsusilə yanacağın keyfiyyətsiz olması və iqlim şəraitinə uyğun olmayan yağdan istifadə mühərrikdə sürtünməni artıraraq sürücülər üçün əlavə xərclərə səbəb ola bilər.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında avtomobil ustası Sahil Ağabəyli bildirib ki, hər bir nəqliyyat vasitəsi üçün yağdəyişmə qaydaları zavod istehsalçısı tərəfindən əvvəlcədən müəyyən olunur:
“Avtomobillərdə istehsalçı tərəfindən hansı özlülükdə yağdan və neçə kilometrdən bir istifadə olunmalı olduğu mütləq şəkildə qeyd edilir. Əgər mühərrik yarım-sintetik yağla işləyirsə, yağ ən gec 5–7 min kilometrdə, tam sintetik yağdan istifadə olunursa, maksimum 8–10 min kilometrdə dəyişdirilməlidir”.
Usta qeyd edib ki, yanacağın düzgün seçilməməsi də yağın ömrünü ciddi şəkildə azaldır:
“Əgər zavod avtomobil üçün ‘95’ markalı benzin tövsiyə edibsə, amma sürücü ‘92’ istifadə edirsə, bu zaman yağın istismar müddəti qısalır. Məsələn, yağın dəyişmə limiti 5 min kilometrdirsə, artıq 3 min kilometrdə; 7 min kilometrdirsə, 5 min kilometrdə dəyişdirilməlidir. Çünki uyğun olmayan yanacaq yağın tez qaralmasına və funksiyasını itirməsinə səbəb olur”.
Sahil Ağabəyli iqlim şəraitinin də yağ seçiminə təsir etdiyini vurğulayıb:
“Azərbaycanın bəzi bölgələrində, xüsusilə Naxçıvan, Quba və Qusar ərazilərində qış aylarında şaxtalar 15–20 dərəcəyə qədər düşür. Belə hallarda yay və qış yağlarının fərqi mütləq nəzərə alınmalıdır. Əks halda mühərrikdə ciddi texniki problemlər yarana bilər”.
Mütəxəssis xəbərdarlıq edib ki, yağın vaxtında dəyişdirilməməsi ciddi fəsadlara yol aça bilər:
“Yağın dəyişmə müddəti keçdikdə mühərrikdə sürtünmə artır, bu da yanacaq sərfiyyatının ən azı 2 litr yüksəlməsinə səbəb olur. Uzunmüddətli gecikmələr isə mühərrikin tamamilə sıradan çıxması (mühərrikin “stukan” verməsi) ilə nəticələnə bilər”.
Ətraflı videomaterialda:
Samir Məcid












