Mustafa İslamoğlu və İranin yeni “paralel dövlət” planı : İslamoğlunun neosasani təbliğatını Azərbaycanda kimlər aparır?
Mustafa İslamoğlu və İranin yeni “paralel dövlət” planı : İslamoğlunun neosasani təbliğatını Azərbaycanda kimlər aparır?
Əslində bu mövzu ilə əlaqədar çoxdan bir məqalə yazmaq fikrim var idi. Türkiyədə on beş iyulda baş verən qeyri müvəffəq dövlət çevrilişindən sonra, dövlət idarələrində və digər sektorlarda yerləşmiş olan Fətullah Gülən camaatının üzvlərinin uzaqlaşdırılması və bir çoxunun həbs edilməsi, təbii ki, bu camaatın yayılmış olduğu digər ölkələrdən də yan keçmədi.
Belə ki, Türkiyədə baş verən hadisələrdən birbaşa və ya dolayısı ilə təsirlənən əsas dövlətlərdən biri də biz olduğumuz üçün burada da eyni məsələ gündəmə gəldi və Azərbaycan dövləti ardıcıl tədbirlər görməyə başladı. Buna ən böyük misal olaraq Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərən və bu camaata bağlı olduğu bilinən Qafqaz universitetinin bağlanmasını misal göstərə bilərik.
Dünya üzərində oynanan oyunların İslam dini üzərindən oynanması isə hər bir müsəlman kimi bizi də üzür və müqəddəs dinimizin belə din tacirlərinin və dünya güclərinin əlində alətə çevrilməsinə sıxılırıq.
Türkiyədə və digər dövlətlərdə məlum camaata qarşı aparılan mübarizə əlbəttə ki, bu camaatın İslamı yaymaq və görülən xeyir işlərinə səbəb olması deyil, bir başa dövlətin müstəqilliyini təhdid etməsi və İslam dininin təhrifi ilə əlaqədardır. Ancaq təbii ki, bu mübarizə bir camaata qarşı aparıldığı və o sıradan çıxarıldığı zaman, onun yerini dünya gücləri öz planlarını yerinə yetirə bilmək üçün başqaları ilə doldurmağa çalışırlar.
Yuxarıda yazdıqlarımızdan heç də yanlış fikirlər çıxarılmasın, biz müsəlmanların birlikdə xeyir əməllərdə yarışmalarının əleyhinə deyilik, əksinə bunun çox daha faydalı olacağına inanırıq. Lakin bu fəaliyyətlər başqa ölkələrin xüsusi xidmət orqanlarına xidmət etdikdə, imperialist dövlətlərin siyasətinə alət olduqda və müqəddəs dinimizin təməlləri qazılaraq bunların alətinə çevrildikdə səsimizi çıxarmamağımız mümkün deyildir.
Hal-hazırda bu fəaliyyət Türkiyədə irançılığı ilə bilinən Mustafa İslamoğlu və müridləri vasitəsi ilə davam etdirilir. Əsasən bələdiyyələrdən yerləşdirilən bu müridlərin gələcəyin “paralel dövləti” olması heç də uzaq deyil. Türkiyədə bələdiyyələrin nə qədər təsirli bir mexanizmə malik olduğunu göz önündə tutduğumuz zaman təhlükənin böyüklüyünü də dərk edə bilərik.
Mustafa İslamoğlunun həyat tarixçəsinə nəzər saldığımız zaman səksəninci illərdən apardığı fəaliyyətinin əslində sasani – fars ideologiyasına xidmət etdiyini görə bilərik. İranda baş verən Xomeyni inqilabından sonra, Misirdə yerləşən məşhur əl-Əzhər universitetini tərk edib, İranın Qum şəhərində molla məktəbində təhsilini davam etdirən İslamoğlu elə o zaman İran xüsusi xidmət orqanlarının təsirinə düşərək Türkiyədə də belə bir dövlətin qurulması xəyallarını heç bir zaman gizlətməyib.
Yazdığı kitablarında və verdiyi dərslərində İslam dinin təməllərini sarsıdan fikirləri, dində yenilik etmək kimi azğın düşüncələri ilə ətrafına bir xeyli insan da toplaya bilən bu din taciri artıq Türkiyə ilə kifayətlənmir və bir neçə ildir ki öz işlərini bizim ölkəmizə də ixrac etməyə başlayıb. Burada özü üçün müridlər toplayan İslamoğlu hörmət etdiyimiz bir neçə ziyalını da öz fikirləri ilə zəhərləyə bilib. Qəribəsi də odur ki, bu ziyalılarımız əslində İranın neosasani siyasətini dərk edən və buna qarşı ən sərt çıxışlar edən kəslərdir.
İslam dinin təməl qaydalarına zidd olan fikirlərinə görə hətta öz atası tərəfindən belə rədd edilən İslamğlunun İranın yayılma siyasətinin bir parçası olması bir neçə il öncə başından böyük danışaraq Suriyanı İrana verməyi təklif etməsi elə bir daha təsdiqlənmiş oldu. Cənub qonşumuzun imperialist siyasəti və milliyyətçiləyə söykənən məzhəb təbliğatının bizim ölkə üçün nə qədər real və zərərli olduğunu deməyə ehtiyac belə yoxdur. Bu ölkədən bizə idxal edilən radikal fikirlər və onların təmsilçilərinə qarşı Azərbaycan hökuməti vaxtaşırı qabaqlayıcı tədbirlər görür.
Artıq bu şəkildə yayıla bilməyəcəklərini anlayan neosasani düşüncəsinin nümayəndələri indi bu siyasəti Mustafa İslamoğlu və müridləri vasitəsi ilə yerinə yetirməyə çalışırlar. Hətta bu yaxınlarda bu adamın bir kitabının Azərbaycan dilinə tərcümə edilərək Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti ilə nəşr ediləcəyi də mətbuatda yayılmışdı. Əlbəttə ki, dinindən xəbərsiz bir kütlə üçün bundan daha uyğun bir təbliğat vasitəsi ola bilməz. Təbliğ edəcəkləri fikirləri və insanlara örnək göstərəcəkləri müəllimlərini insanlara tanıtmağın ən uyğun yolu onun kitablarını tərcümə edərək pulsuz bir şəkildə yamaqdır. Əgər bu təbliğat bir dövlət idarəsi tərəfindən edilirsə bu iş daha da asanlaşacaq və bu kitablar ölkəmizin ən ucqar kəndlərinə qədər yayılacaq. İnanırıq ki, Azərbaycanın dövlət strukturları bizim bildiyimiz bu məsələlərdən çoxdan xəbərdardırlar və lazımı tədbirləri görürlər və görəcəklər.
İranın İraqda, Suriyada, Yəməndə və Livanda apardığı yayılım siyasətinin önündə yalnız Türkiyənin durması və bunun da Sasani – fars şovinistlərini necə narahat etdiyini bilirik. Türkiyəyə qarşı oynamağa çalışdıqları hiyləgər planlarında əlbəttə ki, oradakı din amilindən istifadə etmələri və bunu da satılmış “hocalar” vasitəsi ilə yerinə yetirmələri təbiidir.
Bildiyimiz kimi cənub qonşumuz yuxarıdakı ölkələrə elə belə girməyib və bu birbaşa yenidən Sasani imperatorluğunu diriltmək arzusundan irəli gəlir. Bu siyasət bizim üçün də çox açıq bir təhlükədir, bizi də öz planlarına qatmaları bəzi din xadimləri tərəfindən vaxtaşırı dilə gətirilir.
Hamının bildiyi kimi İranın Azərbaycanda beşinci kolonu mövcuddur və bunlar siyasətçilər, ziyalılar və ictimai fəallar kimi cəmiyyət tərəfindən tanınır. İndi bu plana bir də Mustafa İslamoğlu və onun Azərbaycandakı müridləri əlavə olunarsa məsələnin vahiməliyi daha açıq bir şəkildə ortaya çıxmış olar. (Avropa.info)
Yeniçağ.Az