"Tarixi keçmiş məhsulları yenidən etiketləyirlər" — Onlayn çərəz sifariş edənlərin NƏZƏRİNƏ
Son illər onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Geyim və elektronikadan tutmuş qida məhsullarına qədər bir çox məhsul artıq internet üzərindən sifariş edilir. Bu prosesdə çərəzlərə də maraq artıb. Lakin mütəxəssislər onlayn platformalardan, xüsusilə xaricdən sifariş edilən çərəzlərin qida təhlükəsizliyi baxımından müəyyən risklər yaratdığını bildirirlər.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, istehlakçı məhsulu almadan əvvəl onun tərkibini, saxlanma və daşınma şəraitini real olaraq görə bilmədiyi üçün risklərlə üzləşir. Ekspertin sözlərinə görə, əsas risklərdən biri məhsulun tərkibi ilə bağlıdır:
“Xaricdən sifariş edilən çərəzlərin üzərindəki etiketlər bəzən Azərbaycan dilində olmur və tərkibdə olan allergenlər, əlavə yağlar, dadlandırıcılar və konservantlar tam aydın göstərilmir. Bəzi ölkələrdə icazə verilən qatqılar Azərbaycanda məhdudlaşdırılmış və ya qadağan olunmuş ola bilər”.
Asim Vəliyev saxlanma və daşınma şəraitinin də ciddi təhlükə yaratdığını vurğulayaraq qeyd edib:
“Çərəzlər yüksək temperatur, rütubət və günəş işığına həssas məhsullardır və uzunmüddətli daşınma zamanı bu şərtlərə əməl olunmadıqda məhsul kiflənə, yağlar oksidləşə və zərərli maddələr yarana bilər. Bu dəyişikliklər hər zaman görünüşdən hiss olunmur və istehlakçı üçün gizli risk daşıyır”.
Ekspert son istifadə tarixi məsələsinə də diqqət çəkib. O, bəzi onlayn platformalarda bu məlumatın ümumiyyətlə göstərilmədiyini, bəzən isə məhsul istehlakçıya çatana qədər xeyli vaxt keçdiyini bildirib. Qablaşdırma üzərində tarixlərin silinməsi və ya yenidən etiketlənməsi halları da mümkündür ki, bu da məhsulun istifadəyə yararlığını şübhə altına alır.
O qeyd edib ki, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə nəzarəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirir və rəsmi idxal olunan məhsullar sərhəddə yoxlanılır. Lakin fərdi qaydada poçt və kuryer vasitəsilə sifariş edilən məhsullar bu nəzarətdən kənarda qala bilər:
“Belə hallarda məsuliyyət faktiki olaraq istehlakçının üzərinə düşür”.
Mütəxəssis xəbərdarlıq edib ki, onlayn sifariş edilən keyfiyyətsiz çərəzlər qida zəhərlənməsi, allergik reaksiyalar, kif toksinlərinə məruz qalma və sağlamlığa zərərli yağların qəbulu kimi risklər yarada bilər. Xüsusilə uşaqlar, yaşlılar və allergiyası olan şəxslər üçün bu məhsullar daha təhlükəlidir.
Ekspert istehlakçılara tövsiyə edib ki, tanımadıqları və etibarsız satıcılardan sifariş verməsinlər, məhsulun tərkibi, istehsalçı ölkəsi və son istifadə tarixi açıq şəkildə göstərilən məhsullara üstünlük versinlər. Qablaşdırma zədələnibsə və ya dad, qoxu, görünüşdə şübhə varsa, məhsulun istifadəsindən imtina etmək daha doğru seçimdir.
Samir Məcid












