Dizel artımı ərzaq qiymətlərini "uçuracaq" – "Türkiyədə dəstək verilir, bizdə isə..."
Son dövrlər Azərbaycanda dizel yanacağının qiymətində baş verən artımlar təkcə nəqliyyat sektorunu deyil, bütövlükdə ölkədaxili iqtisadi prosesləri təsir altına alıb. Xüsusilə yükdaşımalar və kənd təsərrüfatı sahəsində xərclərin yüksəlməsi bazarda qiymət artımı risklərini daha da gücləndirib.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli yanacaq bahalaşması zəncirvari effekt yaradaraq son nəticədə istehlakçıya təsir etdiyini deyib.

Onun sözlərinə görə, 30 iyun 2024-cü ildə dizel yanacağının qiyməti birdən-birə 25 faiz, yəni 20 qəpik bahalaşdırılaraq 1 litri 80 qəpikdən 1 manata qaldırıldı. Həmin vaxt hökumət bu qərarı dünya bazarında neftin bahalaşması ilə əsaslandırmışdı. Halbuki, 2024-cü ilin iyun ayında “Brent” markalı neftin orta qiyməti 82 dollar idi.
İqtisadçı bildirib ki, bir neçə gün öncə dizelin qiyməti yenidən hər litr üçün 10 faiz, yəni 10 qəpik artırılıb. Bu dəfə isə dünya bazarında vəziyyət tam fərqlidir:
“Son bir ayda “Brent” neftinin orta qiyməti 62 dollar olub. Bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə təxminən 20 dollar və ya 25 faiz ucuzlaşma deməkdir”.
Natiq Cəfərli qeyd edib ki, neft ucuzlaşdığı halda dizelin yenidən bahalaşdırılması hökumətin əvvəlki arqumentləri ilə ziddiyyət təşkil edir. Ekspert vurğulayıb ki, dizel yanacağı aqrar sektor və yükdaşımalar üçün əsas xərc maddələrindən biridir:
“Kənd təsərrüfatı məhsullarının istehsalında dizelin maya dəyərində payı məhsul növündən asılı olaraq 30–40 faiz təşkil edir. Yükdaşımaların ümumi maya dəyərində isə dizelin payı 20–25 faizdir. Bu səbəbdən yanacağın bahalaşması həm daşıma xidmətlərinin, həm də ərzaq məhsullarının qiymətinin artmasını qaçılmaz edir”.
O əlavə edib ki, artıq ölkədə ərzaq qiymətləri davamlı olaraq yüksəlir və dizel qiymətinin artması bu prosesi daha da sürətləndirir. Onun fikrincə, hökumət bu addımlarla inflyasiyanı öz əli ilə artırmış olur.
İqtisadçı dünyanın bir çox ölkəsində aqrar sektorda çalışan fermerlər üçün dizelin güzəştli şərtlərlə təqdim edildiyini də xatırladıb. O, nümunə kimi Türkiyəni göstərərək qeyd edib ki, 2025-ci ildə fermerlər üçün dizel (“mazot”) dəstəyi məhsul növlərinə görə hər litr üçün 7,5–25 lirə arasında dəyişir. Maraqlıdır ki, Türkiyənin öz neft ehtiyatları olmadığı halda belə fermerlərə dövlət dəstəyi mövcuddur.
Samir Məcid












