2 milyon itki və bitməyən SAVAŞ: Putin Zelenski ilə görüşdən niyə qaçır?
“İndiki vəziyyətdə Ukrayna və Rusiya prezidentləri səviyyəsində görüş real görünmür.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat müharibənin 4 ili ərzində tərəflərin ümumi itkisinin 2 milyon nəfərə çatdığını və dərin fikir ayrılıqları fonunda liderlərin birbaşa dialoqunun hələlik qeyri-mümkün olduğunu vurğulayıb.
K.Nurullayeva Rusiya və Ukrayna arasında davam edən müharibənin gedişatı və liderlərin mümkün görüşü barədə fikirlərini bölüşərkən qeyd edib:
“Rusiya-Ukrayna müharibəsi artıq 4 ildir davam edir. Bu vaxta qədər müxtəlif vaxtlarda dialoq cəhdləri olsa da, bu görüşlərin heç birində müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunmayıb. Aktiv döyüşlər səngimir, hava hücumları infrastruktura ciddi zərər verir. Ukrayna ordusu yanvar ayından bəri cənub istiqamətdən təxminən 400 km²-dən çox ərazini geri qaytarsa da, Donbas məsələsi hələ də açıq qalır. Ən dəhşətlisi isə insan itkisidir tərəflərin ümumi itkilərinin 2 milyon nəfər civarında olduğu bildirilir. Bu, Avropada İkinci Dünya Müharibəsindən sonra ən ağır münaqişə sayılır”.
Deputat ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun Zelenski və Putin arasında mümkün görüşlə bağlı açıqlamalarına da toxunub:
“Donald Trampın iştirakı ilə danışıqlar ehtimalı müəyyən ümidlər yaratsa da, təcrübə nikbin olmağa imkan vermir. Tərəflər arasında dərin fikir ayrılıqları mövcuddur; xüsusilə ərazi bütövlüyü məsələsində rəsmi Kiyev güzəşti qəbul etmir. İndiki vəziyyətdə prezidentlər səviyyəsində görüş real görünmür və buna ən çox Putin hazır deyil”.
K. Nurullayeva bildirib ki, gərginlik birbaşa dialoq üçün hələ tez olduğunu deməyə əsas verir:
“Belə bir görüş baş tutarsa, bu, həm region, həm də dünya siyasəti üçün ciddi dönüş nöqtəsi ola bilər. Lakin hazırda tam güzəşt yox, mərhələli kompromis daha realdır: əvvəl atəşkəs, sonra humanitar məsələlər, daha sonra isə siyasi status ətrafında danışıqlar. Lakin bu gün tərəflər buna da hazır görünmür”.
Nurlan Cəfəri













