50 günlük möhlət və yaxud Trampın sülh diplomatiyası – Zelenski güzəştə GEDİR?
“Tramp Rusiyaya 50 gün vaxt verib ki, məsələni bitirsin”.
Bu sözləri Rusiya ilə Ukrayna arasında danışıqların baş tutması, Kiyevdə Zelenski əleyhinə mitinqin keçirilməsini Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
O, bildirib ki, Rusiyanı dayandırmaq olmur və rusların da dayanmaq kimi niyyəti yoxdur:
“ABŞ prezidenti Donald Tramp Nobel sülh mükafatını almaq üçün əlindən gələni edir. O istənilən şərtlə Ukraynadakı müharibəni dayandırmağa hazırdır. Onun Putinə təsir etmək imkanları məhduddur. Zelenski isə zəif mövqedədir. O pul və silah baxımından asılıdır, ona görə də Tramp Zelenskini ram etmək istəyir. Zelenski hələ ki Avropadakı müttəfiqlərinə güvənir”.
“Artıq müəyyən düymələr basılıb. Ukraynada bəzi qüvvələr Zelenski əleyhinə mitinqlər keçirir. Bu qüvvələr hər yerdə var. Tramp isə Rusiyaya 50 gün vaxt verib ki, məsələni bitirsin. Çox sadə tənlikdir və bu tənliyin cavabı Ukrayna atəşkəsə getməlidir. Sülh müqaviləsi inandırıcı deyil, ancaq atəşkəs ola bilər. Bu atəşkəs ola bilər 30 il, 50 il davam etsin. Rusiya işğal etdiyi əraziləri özündə saxlayacaq, lakin Rusiya özü nə vaxta qədər qalacaq-qalmayacaq – onu Allah bilir”, – deyə analitik fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd