58 yaşlı kişi su quyusuna düşdü – VİDEO

13 sentyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Muğanlı kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Yenicag.az-ın məlumatına görə, dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dərinliyi təqribən, 8 metr olan su quyusuna düşmüş 1963-cü il təvəllüdlü Bədəlov İsa Musa oğlunun üzərinə çay daşları ilə hörülmüş quyunun divarının bir hissəsi tökülməklə vətəndaşın həyatı üçün təhlükəli vəziyyət yaranıb.

Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi vasitələrlə İ.Bədəlovu quyudan çıxararaq həyatını xilas ediblər. Vətəndaş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.