Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki,
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox…
Yəqin ki, poeziyasevərlərin hər biri bu məşhur şeiri xatırladı. Çünki onu unutmaq mümkün deyil. Vaxtilə şeir kitabları əl-əl gəzirdi, hər kəs onun şeirlərini əzbər bilirdi.
Yenicag.az xəbər verir ki, söhbət sevilən şair Nüsrət Kəsmənlidən gedir. Qəlb, ürək şairi idi Nüsrət Kəsəmənli. Şeirləri ilə təşnə könüllərə su səpməyi, incə duyğuları oyandırmağı, insanın ruh halına təsir etməyi bacarırdı şair.
Bu gün onun doğum günüdür.
Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb Nüsrət Kəsəmənli. Saysız-hesabsız mahnılara şeirlər yazıb.
“Daha nağıllara inanmıram mən”, “Biri vardı, biri yox”, “Səni unutsam”, “Vətən alov etsin odunu sənin”, “Mənsiz qalacaqdır bu dünya bir gün”, “Oğru olmaq istəyirəm”, “Ağacın altında kölgə”, “Qoyunlar yeyəcək canavarları”, “Məhəbbətdən küsəndə” , “Yoxdursa”, “Mənim o ağaca yazığım gəlir”, “Mənə inanmırsan bir yuxu kimi”, “İnanma əzizim, inan əzizim” – bu məşhur şeirləri unutmaq mümkünsüzdür.
Şair bu gün də sevənlərinin yaddaşında, qəlbindədir.
Cəvahir
www.yenicag.az