İran rəhbərliyi bir-bir MƏHV EDİLİR: Rejimin çökməsi üçün növbə kimdədir?
“Amerika İran rəsmilərini məhv etməyə davam edərsə, rejim dəyişəcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Politoloq İranda rejimin dəyişmə ehtimalı ilə bağlı öz fikirlərini bölüşüb:
“İranda baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra yaranan ağır nəticələr bölgəmiz üçün də həssas durum yaradır. İran daxilində hazırda ölkəyə rəhbərlik edən hakimiyyət nümayəndələri rejimin dəyişməsi ilə bağlı birmənalı mövqe nümayiş etdirirlər. İranın ali liderinin öldürülməsi hələlik rejimin tam dəyişməsi ilə nəticələnmədi. Bu gün İran rəsmiləri konkret olaraq yeni liderlik şurasının yaradılması ilə bağlı bəyanatlar səsləndirirlər”.
S. Kərimli rejimin dəyişilmə ehtimalını belə dəyərləndirib:
“Görünən odur ki, hələlik İranda tam hakimiyyət dəyişikliyindən söhbət getmir. Qarşıdakı günlərdə ABŞ və İsrailin hücumlarının davamı ilə nələrin baş verəcəyi bəlli deyil. Tərəflər qarşılıqlı olaraq bir-birinə zərbələr endirirlər. İran tərəfi də Amerikanın qonşu ölkələrdəki hərbi bazalarını hədəf almağa davam edir. İran hərbi qüvvələri eyni zamanda İsrailin atəşə tutulması istiqamətində ciddi addımlar atırlar. Görünən odur ki, yaxın günlərdə bu qarşıdurma daha da böyüyəcək və bu, böyük faciələrə gətirib çıxaracaq.
Əgər ABŞ və İsrail qoşunları İranın müxtəlif dövlət qurumlarının rəhbərlərinə öldürücü zərbələr endirməyə davam edərsə və rəhbər şəxslər sistemli şəkildə məhv edilərsə, məhz bundan sonra İranda rejim dəyişikliyindən danışmaq olar. Hazırda vəziyyət gərgin olaraq qalır. İstənilən halda, Azərbaycan dövlətinin mövqeyi ortadadır. Azərbaycan daim sülh və təhlükəsizliyə töhfə verən ölkə kimi bölgədə yaranmış həssas durumun ciddiliyini düzgün qiymətləndirir və sabitliyin qorunması üçün öz töhfələrini verir”, – deyə o bildirib.
Nurlan Cəfəri













