Tehranın Ankaraya “toxunulmazlıq” zəmanəti: İran Türkiyədəki ABŞ bazalarını niyə HƏDƏF ALMADI?
“İran Türkiyədə yerləşən Amerika bazalarını vurmadı. Çünki bu ölkədən ona qarşı heç bir təhlükə gəlməyəcəyindən əmin idi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

Politoloq İran-ABŞ-İsrail münaqişəsində Türkiyə və Azərbaycanın mövqeyi, həmçinin regional təhlükəsizlik məsələləri haqqında önəmli məqamlara toxunub:
“Birincisi, İran və Türkiyə bu məsələdə həmişə eyni mövqedən çıxış ediblər. Regionda postmüharibə dövründən sonra inkişaf edən logistik yolların açılması, yeni iqtisadi layihələrin işlənməsi və siyasi münasibətlər hazırda böyük təhlükə altındadır. Müharibəni ABŞ və İsrail aparır, regiondakı investisiyalarda isə Amerikanın ciddi payı var. Digər tərəfdən, ABŞ özü də yanlış addımlar atır. Donald Tramp bir tərəfdən ‘sülh göyərçini’ rolunu oynayır, digər tərəfdən isə böyük münaqişə zonaları yaradır. Bu gərginliklərin ən böyüyü məhz İran münaqişəsidir.
İsrailin təhriki ilə alovlanan bu münaqişədə ilk zərbənin məhz Tel-Əviv tərəfindən vurulduğunun şahidi olduq. İran buna hazır idi. Ölkə daxilində sanksiyalarla bağlı ciddi çətinliklər olsa da, Vaşinqtonun “ali dini rəhbər öldürülsə, rejim çökəcək” düşüncəsi eyforiyadan başqa bir şey deyil. Xamneyinin və digər yüksək rütbəli şəxslərin ölümü bu sistemi məhv etmədi. Çünki İran oturuşmuş dövlət institutlarına malikdir və rejimi bu yolla dağıtmaq mümkün görünmür. Netanyahu özünü “qurtuluş mələyi” kimi təqdim etməyə çalışsa da, onun həmlələri zamanla həm İsrailin, həm də özünün başında çatlayacaq. ABŞ İsrailin diktə etdiyi yolla getməklə özünə böyük problemlər yaradır”.
Politoloq İranın Türkiyə xaricində digər müsəlman ölkələrindəki ABŞ bazalarını hədəf almasının səbəblərini belə izah edib:
“Bu münaqişədə həm Türkiyə, həm də Azərbaycan sabitliyi hər şeydən üstün tutur. İran Körfəz ölkələrindəki Amerika bazalarının hər birini vursa da, Türkiyədəki bazalara toxunmadı. Bu, Türkiyənin İrana qarşı heç bir aqressiv addım atmayacağına olan əminlikdən irəli gəlir. Sırf buna görə Türkiyə istiqamətinə bir güllə belə atılmadı.
İran əmindir ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Türkiyə və Azərbaycan İrana qarşı mübarizədə İsrail və Amerikaya heç bir dəstək verməyəcək. Hər iki ölkə İranla dialoqu davam etdirir. Bölgədə gedən proseslər nə Türkiyə, nə də Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Bu həm də onu göstərir ki, gələcəkdə Azərbaycanın Qərb ölkələri ilə münasibətlərində problem yaranarsa, biz bu güclər üçün potensial hədəfə çevrilə bilərik”, – deyə o bildirib.
Nurlan Cəfəri













