9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri bilindi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Zaqatala, Bakı-Şəki, Bakı-Ağcabədi, Sabirabad-Gəncə, Gəncə-Qazax, Xankəndi-Bərdə və Şəki-Qax şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bu barədə Yenicag.az-a AYNA-dan məlumat verilib. Məlumata görə qaliblər aşağıdakılardır:
• “Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;
• “Bakı-Zaqatala” marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC;
• “Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs “Xan Sarayı” MMC;
• “Bakı-Ağcabədi” marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi Adil oğlu;
• “Sabirabad-Gəncə” marşrutu üzrə fiziki şəxs İsmayılov Səmid Nizami oğlu;
• “Gəncə-Qazax” marşrutu üzrə fiziki şəxslər Həsənov Vüsal Asif oğlu və Məmmədov Mahir Xaliq oğlu;
• “Xankəndi-Bərdə” marşrutu üzrə fiziki şəxs Rüstəmov Fizuli Zöhrab oğlu;
• “Şəki-Qax” marşrutu üzrə fiziki şəxs Fərruxzadə Elbrus Elxan oğlu.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.