"İrəvan üzərinə düşən öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməlidir" - ŞƏRH
“Artıq Ermənistan dünyanın dəyişdiyini, siyasi mənzərənin tamamilə fərqli istiqamət aldığını anlayır”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqton və İrəvanın Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisi ilə bağlı fəal danışıqlar apardığı barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Paşinyanın üzərinə sözün əsl mənasında, böyük məsuliyyət düşür:
“Çünki uzun illər ərzində zəhərlənmiş bir cəmiyyət formalaşıb. Bu cəmiyyətin bütün qonşulara qarşı kini, nifrəti indi Ermənistanı çox çətin vəziyyətə salıb. Artıq Paşinyan və komandası bunu anlamağa başlayıblar.
Ermənistanın Baş naziri dəfələrlə “xəyali Ermənistanı” deyil, “real Ermənistanı” düşünmək lazımdır deyib. Çünki yalnız bu halda mövcudluğu qoruyub saxlamaq mümkündür.
Digər mühüm məsələ isə Ermənistanın artıq Azərbaycan tərəfindən irəli sürülən bütün şərtlərlə razılaşmağa və sülh müqaviləsini imzalamağa hazırlaşmasıdır. Bu, təbii ki, müsbət məqam kimi qiymətləndirilə bilər. Prosesin yekun mərhələsi kimi 8 avqustda Vaşinqtonda sənədlərin paraflanması, ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Paşinyanın iştirakı ilə keçirilən görüş, verilən bəyanatlar və imzalanan sənədlər regionda yeni siyasi reallıqların formalaşdığını göstərir.
Artıq Ermənistan dünyanın dəyişdiyini, siyasi mənzərənin tamamilə fərqli istiqamət aldığını anlayır. Azərbaycan bu gün çox güclüdür və bu güc qarşısında heç nə dayana bilməz. Azərbaycanın irəli sürdüyü şərtlər isə regionda, o cümlədən Ermənistan üçün də müsbət nəticələr vəd edir”.
Deputat qeyd edib ki, Paşinyanın “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı verdiyi bəyanatlar və öhdəliklər də icra olunmalıdır:
“Paşinyan artıq real addımların atıldığını da qeyd edir. Nədir bu addımlar? Birləşmiş Millətlər Təşkilatının sosial komissiyasının bölgəyə gəlməsi, məsələlərin müzakirə olunması, BMT-nin Ermənistana təxminən 225 milyon dollar məbləğində vəsait ayırması və Azərbaycanın Naxçıvanla birləşdirəcək yolun tikintisinin gündəmdə olması.
Azərbaycan artıq öz üzərinə düşən öhdəliklərin böyük hissəsini yerinə yetirib və çox uzaq olmayan zamanda bütün məsələlər öz həllini tapacaq. Ermənistan isə üzərinə düşən tapşırıqları icra etməlidir.
Bu gün Paşinyan həm seçki öncəsi siyasi mübarizə mərhələsindədir, həm də daxili sabitliyi təmin etmək üçün çalışır. Eyni zamanda, Ermənistan bu məsələlərdə daha aktiv və rasional addımlar atmalıdır. Bu, Zəngəzur dəhlizinin açılması ilə bağlı yaranan problemlərin vaxtında, yubanmadan həll edilməsini tələb edir. Paşinyan bu öhdəliyi götürüb və ondan geri çəkilməsi, yaxud fərqli mövqeyə keçməsi mümkün görünmür. İrəvan üzərinə düşən öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməlidir”,- deyə o bildirib.
Nəsimi Ələsgərli












