Gürcüstanda sərt rejim BƏRPA OLUNUR - İvanaşvili iş başında
“Gürcüstan hakimiyyəti müxalifət partiyalarını ləğv edərsə itirən Gürcüstan olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Gürcüstanda müxalif siyasi partiyaların fəaliyyətinin qadağan olunması haqqında hökumət rəsmilərinin fikirlərini şərh edərkən deyib:
“Gürcüstan hakimiyyətinin müxalifət partiyaları məğlub etməsi Qərblə Gürcüstan arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxaracaq. Avropa Birliyi viza rejimini aradan qaldıracaq və sanksiyalar tətbiq edəcək. Həmçinin, Gürcüstan da NATO-a inteqrasiya siyasətindən imtina edəcəksə NATO – Gürcüstan əlaqələri tamamilə pozulacaq. Gürcüstan hakimiyyətinin tutduğu siyasi kurs daha çox qərbdən uzaqlaşmaq, eləcə də müstəqil və ya Rusiyaya yaxın bir siyasət həyata keçirməkdir”.
Əsədullazadə qeyd edib ki, bu proses baş verərsə Gürcüstan NATO yolunu itirəcək:
“İlk növbədə daxili siyasətdə radikal addımların atılması və siyasi partiyaların ləğvi Gürcüstan dövlətçiliyinə zərbə vuracaq. Vətəndaş cəmiyyətinin tamamilə sıradan çıxarılması, siyasi partiyaların fəaliyyətinin qadağan olunması artıq Gürcüstan hökumətinin izlədiyi əsas siyasətdir. Bidzina İvanişvilinin bu siyasəti Gürcüstanı artıq anti-demokratik prosesə sürükləyir. Gürcüstanda yeni bir sərt rejim bərpa olunur. Təbii ki, bunu İvanaşvili həyata keçirir və Avropa Qərblə də əlaqələri tamamilə kəsməyə çalışır. Bir tərəfdən qeyd edir ki, Aİ prioritetdir, digər tərəfdən isə Aİ-ə üzv olacaq qanunları qadağan edir və ölkədə demokratiya, fikir və söz azadlığı, vətəndaş cəmiyyətinin müxalifət partiyalarını ləğv edir. Bu qərblə Gürcüstan arasında böyük siyasi böhrana gətirib çıxaracaq. Burda isə itirən də məhz Gürcüstan olacaq”.
Nurlan Cəfəri












