Qarabağ və Şərqi Zəngəzur əraziləri yenidən öyrənilir: QIZIL, MİS, GÜMÜŞ yataqları...
“Təbii sərvətləri intellektual potensiala çevirmək üçün bu sahəyə sərmayə qoyulmalıdır”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O, Qarabağ və Şərqi Zəngəzur ərazilərinin təbii sərvətlər baxımından ölkə iqtisadiyyatına təsirindən danışıb.
Deputat bildirib ki, təbii sərvətlərlə bağlı yataqların əraziyə daxil olmadan, yəni peyk vasitəsilə aşkar edilməsi bioloji tədqiqatın əsasını təşkil edir.
“Qeyri-neft sektoruna diqqətin artdığı bir dövrdə müasir texnologiyalar vasitəsilə Qarabağ və Şərqi Zəngəzur əraziləri yenidən öyrənilir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti perspektivdə müsbət nəticələrin əldə olunacağını göstərir. Həmin ərazilərdə qızıl, mis və gümüş yataqlarının mövcudluğu Azərbaycanın gələcək iqtisadi inkişafına mühüm töhfə verəcək. Alimlərin bu istiqamətdə apardıqları tədqiqatları davam etdirməsi ən vacib məsələlərdən biridir. Təbii sərvətləri intellektual potensiala çevirmək üçün bu sahəyə sərmayə qoyulmalıdır. Bu sərmayə isə gənclərimizin elm və təhsil sahəsində inkişafıdır”, – deyə deputat qeyd edib.
Nəsimi Ələsgərli












