ABŞ-dən "ŞAH-MAT": Aşağı xərcli "LUCAS" dronları ilə İran təhdidinə YENİ STRATEGİYA?
ABŞ Yaxın Şərqdə görünməmiş addım atdı! ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), bölgədəki hərbi gücünü kökündən dəyişdirərək, ilk dəfə təkyönlü hücum pilotsuz uçuş aparatı (PUA) filosu yaratdığını elan etdi.
Yenicag.az xəbər verir ki, “Task Force Scorpion Strike” (əqrəb hücumu xüsusi təyinatlı qüvvəsi) adlandırılan bu yeni qüvvə, regionda “LUCAS” adlı sürətli və ucuz hücum dronları ilə təchiz ediləcək.
Bu qərarın verilməsində əsas amil, son illərdə İran və onun dəstəklədiyi qrupların PUA hücumlarının kəskin artmasıdır. CENTCOM, bu təhdidlərə yüksək effektivliyə malik, lakin aşağı xərcli PUA imkanları ilə cavab verməyi hədəfləyir.
Mərkəzi Komandanlıq bu qüvvəni Müdafiə Nazirinin təlimatından cəmi dörd ay sonra qurub ki, bu da məsələnin nə qədər təcili və strateji əhəmiyyət daşıdığını göstərir. Hətta CNN-in məlumatına görə, ABŞ-ın istifadə etdiyi bəzi PUA-ların dizaynı və texnologiyası İranın PUA modellərindən ilham alınaraq inkişaf etdirilib.
“LUCAS” platformaları, geniş mənzilli, otonom işləyən və müxtəlif buraxılış sistemlərindən (raket, mancınıq) atıla bilən pilotsuz uçuş aparatlarıdır. Hər bir PUA-nın qiyməti təxminən 35.000 ABŞ dollarıdır. Bu xüsusiyyətlər LUCAS-ı, sərfəli və sürətli reaksiya verə bilən bir həll olaraq fərqləndirir.
“LUCAS” PUA-larının istifadəyə verilməsi, ABŞ-ın bölgədəki strateji gücünü gücləndirmək və düşmən hücumlarını qarşısını almaq üçün inkişaf etdirdiyi yeni texnoloji və taktiki yanaşmanın bir hissəsidir.
Bu PUA-ların yerləşdirilməsi, açıq şəkildə İran və onun müttəfiqlərinin bölgədəki hərəkətlərinə qarşı atılmış bir addımdır. CENTCOM Komandanı Admiral Brad Cooper bəyan edib ki, bu yeni qüvvənin məqsədi “innovasiyanı çəkindirici bir ünsür kimi istifadə etmək” və regiondakı “pis niyyətli aktorları çəkindirməkdir.”
Hələlik bu PUA-ların konkret olaraq İrana qarşı əməliyyatlarda istifadə edilib-edilməyəcəyi məlum olmasa da, gərginliyin ən yüksək həddə çatdığı bu dövrdə atılan bu addım, ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudiyyətini kəskin şəkildə gücləndirmək niyyətində olduğunu göstərir. Bölgədəki qarşıdurmaların gələcək taleyi bu yeni “Əqrəb Hücumu” filosunun fəaliyyətlərindən asılı olacaq.
Məsimə Məmmədova












