Hərb meydanında təklənən UKRAYNA: "Avropa ölkələri bundan imtina edəcəklər"
“Bir neçə aya Ukrayna döyüş cəbhəsində təkbaşına qalacaq”.
Bunu Rusiya-Ukrayna müharibəsinin mümkün nəticələri barədə danışan politoloq Zeynal Əmrəliyev Yenicag.az-a açıqlamasında deyib.
Z. Əmrəliyev qeyd eidb ki, hazırda cəbhə xəttində vəziyyət Ukraynanın əleyhinədir:
“Proseslərin gedişatı vəziyyəti Ukrayna üçün daha da çətinləşdirir. ABŞ-nin Ukraynaya silah verməkdən imtina etməsi, paralel şəkildə Ukraynanın heç də xeyrinə olmayan sülh planını irəli sürməsi, eyni zamanda, ABŞ-dən təsirlənən Avropanın bir çox ölkələrinin, o cümlədən İtaliyanın Ukraynaya silah verməkdən imtina etməsi Ukrayna üçün heç də yaxşı şeylər vəd etmir. Bunu Ukraynada da yaxşı başa düşürlər ki, artıq Rusiya ilə sülh danışıqlarının başladılması və Zelenskinin istefası məsələləri Ukraynada geniş şəkildə müzakirə edilir.
Gələcəkdə ola bilər ki, digər Avropa ölkələri də bu məsələlərdə ABŞ və İtaliya ilə həmrəylik nümayiş etdirərək Ukraynaya silah verməkdən imtina etsinlər. Avropada bəzi insanlar belə düşünürlər ki, Ukraynanı ciddi dəstəkləməyə artıq ehtiyac yoxdur. Çünki Ukraynanın cəbhə xəttində Rusiyaya qalib gələ bilməyəcəyi görünür. İndiki mərhələdə Ukraynanın öz torpaqlarını azad etməsi heç də inandırıcı görünmür. Yəni bu, Avropa ölkələri tərəfindən də görünür. Ona görə də nəticəsi artıq müəyyən qədər bəlli olan müharibə üçün resurs xərcləmək istəmirlər. Buna görə də düşünürəm ki, bəzi Avropa ölkələri bundan imtina edəcəklər”.
Politoloq Avropanın gələn ilin yay aylarına qədər Ukraynaya dəstəyi dayandıra biləcəyini vurğulayıb:
“Bu, Ukraynanı çox pis vəziyyətə salacaq bir addımdır. Faktiki olaraq Ukrayna Trampın planını qəbul edərək Rusiya ilə sülh danışıqlarına başlayacaq və Trampın planı əsasında müqavilə imzalayacaq. Ümumiyyətlə, belə düşünürəm ki, yaxın aylarda müharibə davam edəcək, amma real fazasının bitməsinə çox uzun müddət qalmayıb. Yəqin ki, yaxın aylarda döyüş əməliyyatları bitəcək. Artıq Ukrayna masaya oturacaq. Ona görə ki müttəfiqlərin davranışları onu buna məcbur edir. Görünür, onlar əlavə resurs xərcləmək istəmirlər”.
Nurlan Cəfəri












