Trampın komandasında olmayan FİKİR BİRLİYİ - ABŞ-nin NATO-dakı sabiq səfiri Ağ Evin "içindən" yazdı
“ABŞ-nin son danışıqlarını başgicəlləndirici dərəcədə intensiv keçib: Moskva, Ankoric, Nyu-York, Vaşinqton, Mayami, Kiyev və Cenevrədə görüşlər, üstəlik, saysız-hesabsız qeyri-rəsmi telefon zəngləri. Bu gərginliyin əsas səbəblərindən biri ABŞ prezidenti Donald Trampın düşərgəsinə, demək olar ki, mümkünsüz bir tapşırıq verməsidir: iki ölkə arasında müharibəni bitirmək”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı keçmiş səfiri İvo Dalder Rusiya-Ukrayna müharibəsinin sonlandırılması istiqamətində ABŞ administrasiyasının fəaliyyətini dəyərləndirdiyi yazısında qeyd edib.
Səfir sözügedən tapşırığın mümkünsüzlüyünü hər iki tərəfin tamamilə zidd məqsədlər uğrunda mübarizə aparması ilə əlaqələndirib: Rusiyanın məqsədi Ukraynanı tabe etmək, Ukraynanın məqsədi isə suverenliyini və müstəqilliyini qorumaqdır.
“Digər səbəb isə son aylarda şahidi olduğumuz xaotik mənzərədir: elan edilən, sonra ləğv olunan sammitlər; açıqlanan, sonra unudulan son tarixlər; “daşda yazılmış” planların dəyişdirilməsi; və danışıqlara rəhbərlik edən daim dəyişən fiqurlar. Bunun səbəbi Tramp administrasiyasının siyasət hazırlamaq, istiqamət vermək, xarici hökumətlərlə əlaqə qurmaq və aydın kurs müəyyənləşdirmək üçün formal prosesinin olmamasıdır”, – Dalder bildirib.
Səfriin sözlərinə görə, Trampın digər administrasiyalardan fərqi ondadır ki, müşavirlər agentliklərarası prosesə güvənmirlər:
“Tramp ABŞ hökumətini ailə biznesini idarə etdiyi kimi idarə edir: Oval ofisdə masasının arxasında oturur, istənilən şəxslə görüşür, istəniləninə zəng edir və siyasəti ani qərarla müəyyənləşdirir. Onun müşavirləri isə, demək olar ki, tamamilə özbaşına işləyirlər.
Ukrayna və Rusiya məsələsində prezidentin çevrəsində cəmi bir neçə nəfər var: vitse-prezident Cey Di Vens, dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio, aparat rəhbəri Susie Uayls, prezidentin elçisi Stiv Uitkoff və oktyabrdan etibarən kürəkəni Cared Kuşner. Müdafiə naziri, Baş Qərargah rəisi və ya CIA və milli kəşfiyyat rəhbərləri bu çevrəyə daxil deyillər”.
İvo Dalder Rubionun heyətinə güvənmədiyinə diqqət çəkib:
“Xarici diplomatların dediyinə görə, departamentlərdəki rəsmilər əlçatan olsa da, baş verənlərdən çox az xəbərdardırlar.
Daha problemli məqam isə Rubiodan başqa əsas oyunçuların heç bir heyət və proses olmadan fəaliyyət göstərməsidir. Məsələn, Uitkoff Putinlə görüşlərə qeydsiz qatılır və bəzən Putinin tərcüməçisinə güvənir. Kuşner danışıqlarda dərin iştirak edir, amma administrasiyada rəsmi vəzifəsi yoxdur. Ordu naziri Daniel Driskoll isə ötən ay Ukrayna ilə danışıqlara çox qısa müddətdə cəlb olunub, cəmi bir həftəsonu ərzində müharibə və danışıqlar barədə məlumatlanaraq Kiyevə göndərilib”.
O bütün bunların son həftələrdə danışıqların niyə bu qədər xaotik keçdiyini izah etdiyini vurğulayıb.
“İki həftə sonra Uitkoff və Kuşner Mayamidə Putinə yaxın Kirill Dmitriyevlə görüşərək müharibəni bitirmək üçün 20-dən çox maddədən ibarət plan hazırlamağa çalışdılar. Rubio isə bir neçə gün əvvəl bu mövqeyi rədd etmişdi. Dmitriyev görüşdən sonra Uşakova bildirib ki, plan Rusiyanın mövqeyinə “mümkün qədər yaxın” hazırlanıb.
Rubio bu 28 maddəlik planı ilk dəfə görəndə onu sadəcə “potensial ideyalar siyahısı” adlandırdı. Tramp isə planı bəyəndi və Ukraynaya: “Şükran gününə qədər imzalayın, yoxsa tək qalacaqsınız”, – dedi. Bu, Rubionun mövqeyini dəyişməsinə və planı ABŞ-nin sülh təklifi kimi təqdim etməsinə səbəb oldu”, – səfir iddia edib.
“Nəticədə bütün bu oyunçuları hərəkətə gətirən formal proses və ya müharibəni bitirmək üçün real qiymətləndirmə deyil. Onları hərəkətə gətirən Trampın dünyanın sülh yaradıcısı kimi tanınmaq tələbinə cavab verməkdir.
Bu davam etdiyi müddətcə xaos və qarışıqlıq da davam edəcək. Bunların heç biri müharibənin real sonunu yaxınlaşdırmayacaq”, – İ. Dalder yekunlaşdırıb.












