Birləşmiş Ştatlar Əsəd rejiminin əlində olan kimyəvi silahların yanlış əllərə keçməsinin qarşısını almaq üçün Yaxın Şərqin bir neçə başqa ölkəsi ilə işləyir.
Yenicag.az xəbər verir ki, bu barədə “Axios” nəşri adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
ABŞ və müttəfiqləri Suriya ordusunun dağılması və ölkəni bürüyən xaosun terrorçu qrupların Əsəd rejiminə məxsus təhlükəli silahları ələ keçirməsinə imkan verəcəyindən narahatdırlar.
Bazar günü jurnalistlərə açıqlama verən ABŞ rəsmisi deyib ki, Bayden administrasiyası son günlər diqqətini Suriyanın kimyəvi silahlarına yönəldib.
Rəsmi qeyd edib ki, ABŞ Suriya silah arsenalının vəziyyəti ilə bağlı mötəbər məlumatlara malikdir və ABŞ kəşfiyyatı ekspertləri onun hələ də nəzarət altında olduğuna inanırlar.
“Biz bununla bağlı çox diqqətli tədbirlər görürük.. Biz əlimizdən gələni edirik ki, bu materiallar heç kimə əlçatan olmasın və onlara qayğı göstərilsin”, – məmur bildirib.
“Biz xlorun və ya daha pis olan şeylərin məhv edilməsinə və ya təhlükəsiz olmasına əmin olmaq istəyirik. Biz regiondakı tərəfdaşlarla bu istiqamətdə müəyyən səylər göstəririk”, – o əlavə edib.
Şənbə günü suriyalı üsyançılar Dəməşqə doğru irəliləyərkən baş qərargahlarından bəyanat yayaraq Əsəd rejiminin kimyəvi silahları ilə maraqlanmadıqlarını vurğuladılar.
Üsyançılar həmçinin Suriyadakı silahlara və həssas obyektlərə nəzarət etmək üçün beynəlxalq ictimaiyyətlə koordinasiyaya və beynəlxalq hüquqla qadağan olunmuş silahlardan istifadə etməyəcəklərinə dair təminat verməyə hazır olduqlarını bildiriblər.
www.yenicag.az