Bu gün NATO sammitinin başladığı Vilnüsdə Amerikanın “Qiyamət təyyarəsi” adlandırılan “Boinq 747-E4B” eniş edib.
Yenicag.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.
Məlumata görə, təyyarə bir gün əvvəl Merilənd ştatının Kemp-Sprinqs şəhərindən (Amerikanın Endryus aviabazasının yerləşdiyi yer) havaya qalxıb və çərşənbə axşamı səhər tezdən Litvanın paytaxtına enib.
Uçuş zamanı layner doqquz saatdan çox havada qalıb. Bu, “Boinq 747-200”ün dəyişdirilmiş versiyasıdır. Ümumilikdə bu təyyarələrdən dördü 1970-ci illərdən bəri ABŞ-da istehsal edilib. Təyyarə Amerika komandanlığına strateji və qeyri-strateji silahları, xüsusən də nüvə arsenalını izləməyə imkan verir. Belə ki, göyərtədə buraxılışa nəzarət sistemi (ALCS) sayəsində yerüstü ballistik raketlərin buraxılması mümkündür. Üç göyərtəli “E-4B”yə 112 nəfərə qədər yerləşə bilər. Orta göyərtə nüvə silahından mümkün istifadə halında ABŞ-ın hərəkətlərini koordinasiya etmək üçün prezident və digər yüksək vəzifəli şəxslər tərəfindən istifadə edilə bilən komanda mərkəzidir. Burada komandanlıq zonası, konfrans zalı, brifinq zalı, kommunikasiya zonası və istirahət zonası var. Təyyarənin dörd mühərriki var, o, havada yanacaq doldura və bir neçə gün uçuşda qala bilir (yanacaq doldurmadan – 12 saat). “E-4B” uçuşu saatda təxminən 160 min dollara başa gəlir.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden iyulun 10-da axşam Vilnüsə gəlib.
www.yenicag.az