ABŞ-ın Ukraynaya "sülh" TƏZYİQİ: Kiyev hərb meydanında nəyi sübut etmək istəyir?
“Bu cəhdlər Ukraynaya ciddi üstünlük qazandırmayacaq”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

O, Ukraynanın kütləvi əks-hücum əməliyyatlarına başlamasının mümkün nəticələri barədə fikirlərini səsləndirib.
Politoloq bildirib ki, Ukraynanın son günlər həyata keçirmək istədiyi əks-hücumlar daha çox taktiki xarakter daşıyır və məqsəd davam edən danışıqlarda Ukrayna nümayəndə heyətinin mövqeyini möhkəmləndirməkdir.
“Vasitəçi rolunu oynayan ABŞ-də belə bir fikir formalaşıb ki, hərbi təşəbbüs Rusiyanın əlindədir və onlar addım-addım irəliləyirlər. Bu səbəbdən Ukraynaya təzyiq göstərilir ki, hərb meydanında torpaqlarını qoruya bilmirsə, heç olmasa sülhə razılaşaraq sonrakı itkilərin qarşısını alsın. Ukrayna isə bunun əksini sübut etməyə, təşəbbüsün yalnız Rusiyaya məxsus olmadığını göstərməyə çalışır.
Lakin bunun üçün Ukraynanın nə kifayət qədər maliyyə və hərbi potensialı, nə də yetərli canlı qüvvəsi və texnikası var. Bu səbəbdən uğurlu əks-hücum əməliyyatları həyata keçirmək imkanı demək olar ki, yoxdur.
Təəssüf ki, bu cəhdlər Ukraynaya ciddi üstünlük qazandırmayacaq. Əksinə, vasitəçiləri Ukraynanın təşəbbüsü ələ almaq imkanının məhdud olduğuna daha çox inandıracaq və nəticədə danışıqlarda Rusiyanın mövqeyi güclənə, Ukraynanın mövqeyi isə zəifləyə bilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













