ABŞ-İran gərginliyi: Hərbi təhdid, yoxsa diplomatiya? – TƏHLİL
“ABŞ-ın əsas hədəfi İranda saxlanıldığı ehtimal edilən yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina edilməsinə nail olmaqdır. Həmin ehtiyatların 2025-ci ildə baş vermiş 12 günlük münaqişə zamanı ABŞ aviazərbələrindən sonra da ölkədə qaldığı güman edilir. İran isə bu tələbə razılaşmır və sanksiyaların ləğv edilməsini, eləcə də yekun saziş imzalanmazdan əvvəl dondurulmuş aktivlərin açılmasını tələb edir. Lakin Tramp administrasiyası bu şərtləri qəbul etmir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova ABŞ-İran münasibətlərindəki son gərginliyi şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Donald Trampın İran siyasəti xarici müşahidəçilər üçün bəzən ziddiyyətli görünsə də, əslində hərbi təhdidlə diplomatiya arasında balans axtarışıdır:
“İqtisadi sanksiya və hərbi təhdid masada olsa da, Trampın “bombardmanlar çoxlu insan itkisinə səbəb olacaq” fikri Ağ Evin mümkün hərbi eskalasiyanın nəticələrinin fərqində olduğunu göstərir. Tramp genişmiqyaslı müharibənin yaratdığı riskləri ciddi şəkildə nəzərə alır. Digər tərəfdən, İsrailin Livanda “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirməsi də ABŞ-İran münasibətlərinin normallaşması perspektivlərini çətinləşdirir”.
Şəbnəm Həsənova xəbərdarlıq edib ki, Hörmüz boğazının bağlanması ehtimalı qlobal iqtisadiyyat üçün ciddi təhlükə vəd edir:
“Dünya neft ticarətinin əhəmiyyətli hissəsinin həyata keçirildiyi bu strateji keçidin fəaliyyətinin dayanması enerji qiymətlərinin kəskin bahalaşmasına, inflyasiyanın sürətlənməsinə və beynəlxalq bazarlarda yeni iqtisadi qeyri-sabitliyə səbəb ola bilər. Trampın bu amili xüsusi vurğulaması hərbi əməliyyatların iqtisadi nəticələrinin siyasi qərarvermədə mühüm rol oynadığını sübut edir. Hesab edirəm ki, baş verən eskalasiya sadəcə ABŞ-İran münasibətlərinə deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasının gələcəyinə təsir göstərəcək”.
Nurlan Cəfəri













