ABŞ-İran gərginliyində "Ankara faktoru": "Türkiyə regionda açar dövlətdir”
“ABŞ-İran danışıqlarında Türkiyənin vasitəçiliyi mümkündür, amma müdaxilə ehtimalı yoxdur”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

Politoloq ABŞ və İran arasında keçirilən müzakirələrdə Türkiyə amilinin vacibliyini diqqətə çatdırıb:
“Türkiyənin müdaxiləsi gözlənilmir, sadəcə Türkiyə tərəflər arasında vasitəçilik edə bilər. Nəzərə alaq ki, İranla Türkiyənin münasibətləri yaxşıdır. Hətta İrandakı aksiyalar zamanı həmin kürd qruplara qarşı Türkiyə kəşfiyyatının İrana dəstək verməsi barədə məlumatlar var idi ki, Türkiyə rəsmiləri özləri də bunu təsdiq etdilər. Paralel şəkildə, Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən sonra İranla Türkiyə arasında münasibətlərdə istilik hökm sürür.
Türkiyənin, həmçinin Amerika ilə də yaxın münasibətləri mövcuddur. Hər iki ölkə NATO üzvüdür. Son zamanlar aralarında müəyyən ziddiyyətlər olsa da, regionda məhz Amerikanın maraqlarının əsas müdafiəçisi Türkiyədir. Türkiyə, həm də regionda açar dövlətdir. Buna görə də həm Türkiyə, həm də Prezident Ərdoğan öz nüfuzundan istifadə edərək ABŞ və İran arasında vasitəçilik edə bilər.
Danışıqlar üçün əsas optimal variantlardan biri məhz İstanbuldur. Sadəcə olaraq, İran bəzən fərqli coğrafiyaları nəzərdə tutur. Bu görüşlər üçün ilk təklif olunan yerlərdən biri də məhz Türkiyə olub. Düşünürəm ki, Türkiyənin ABŞ və İran arasında vasitəçilik etməsi hər iki dövlət üçün xeyirli olar, həm də problemlərin həlli istiqamətində çox müsbət nəticələrə gətirib çıxara bilər. Bu, çox uğurlu variant olardı”.
Nurlan Cəfəri













