ABŞ rəsmiləri Nyu York şəhərindəki Metropoliya İncəsənət Muzeyində saxlanılan, əslində, Misirdən oğurlanaraq Amerikaya gətirilən qədim tabutu öz sahiblərinə təhvil veriblər. Bu münasibətlə iki ölkənin rəsmiləri arasında təhvil-təslim mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, Nedjemanx adlı kahinin 2100 il yaşı olan tabutu burada son dəfə qədim Misirin qiymətli artefaktı kimi nümayiş etdirilib. ABŞ rəsmiləri qeyd ediblər ki, oğurlanmış tabut saxta sənədlərlə cinayətkarlar tərəfindən muzeyə satılıb. Həmin artefakt Misirdən 2011-ci ildə çıxarılıb.
Nyu Yorkun Manhetten rayonunun prokuroru Sayrus Vens bildirib ki, təhqiqatlar bu qədim tabutla yanaşı, yüzlərlə artefaktın oğurlandığını və saxta sənədlərlə satıldığını göstərib. Onun sözlərinə görə, bu işlə məşğul olan xüsusi beynəlxalq cinayətkar şəbəkə fəaliyyət göstərir. Vens əlavə edib ki, bu qiymətli artefakt parisli bir şəxs tərəfindən Nyu-Yorkun Metropoliya İncəsənət Muzeyinə 4 milyon dollara satılıb. Prokuror onu da bildirib ki, Misirdən oğurlanan qədim tabut əvvəlcə Almaniyada bərpa olunub və sonra Fransaya aparılıb.
Mərasimdə iştirak edən Misirin Xarici İşlər naziri Sami Həsən Şükri Reuters agentliyinə müsahibəsində bildirib ki, bu qədim tabut təkcə Misirin deyil, həm də bütün bəşəriyyətin mədəni irs nümunəsidir. Onun sözlərinə görə, qədim artefakt 2020-ci ildən Qahirənin muzeyində nümayiş etdiriləcək./Milli.Az/
www.yenicag.az