ABŞ-nin nəzarətində Zəngəzur dəhlizi? – Paşinyan “Tramp körpüsü” ilə nəyə EYHAM VURUR?

media-hightechnic-468x90

“Tramp körpüsü” ilə Paşinyan həm ABŞ-nin dəhlizə nəzarətini qəbul etdiyini göstərməyə, həm də bunu Zəngəzur dəhlizi”adlandırmamaqla öz siyasi mövqeyini qorumağa çalışır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşirli deyib.

media-elsadmirbesiroglu1

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistanın Sünik bölgəsindən keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək 42 kilometr uzunluğunda “Tramp körpüsü”nün tikintisinə razılığını şərh edib.

Politoloq bildirib ki, Paşinyan hakimiyyəti indiyədək, ümumilikdə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat əlaqəsinin yaradılmasını müxtəlif bəhanələrlə ləngidib:

“Bu, reallıqdır. Məsələ ətrafında müxtəlif manipulyasiyalar aparılıb, fərqli fikirlər və ideyalar irəli sürülüb. Lakin yolun razılaşdırılması və inşası istiqamətində praktiki heç bir addım atılmayıb. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan ərazisindən keçəcək və Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək yolun yaradılması istiqamətində real heç bir iş görülmür. Ermənistan bununla tranzit ölkə olmaq şansını itirir. Prezident İlham Əliyev beynəlxalq platformalarda daim bu yolun əhəmiyyətini xatırladıb. Həmin layihə Azərbaycanı Orta Asiya və Çin istiqamətində unikal nəqliyyat-kommunikasiya mərkəzinə çevirə bilər. Eyni zamanda sözügedən dəhliz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin digər istiqamətdə inkişafı deməkdir”.

E. Mirbəşirliyə görə, Paşinyanın dəhliz məsələsində etdiyi manipulyasiyalar sonsuz olmayacaq:

“Artıq anlayır ki, dəhlizin açılması qaçılmazdır. Çünki ABŞ də həmin nəqliyyat-kommunikasiya xəttinin yaradılmasında maraqlıdır. Lakin ABŞ öz şirkətlərinin iştirakını təmin etmək istəyir. Ermənistan tərəfi isə hələlik buna razılıq vermədiyini bildirir. Azərbaycan Prezidenti III Şuşa Qlobal Media Forumunda açıq şəkildə Azərbaycan ərazisində heç bir ölkənin nəzarət apara bilməyəcəyini vurğuladı. Bununla da Azərbaycanın mövqeyi tam aydın oldu”.

Müsahibimiz əmindir ki, Paşinyan öz siyasi imicini qorumaq üçün bu dəhlizin açılacağı reallığını qəbul edir:

“Lakin onu fərqli adlandırmaqla, yəni “Tramp Körpüsü” kimi təqdim etməklə məsələni fərqli şəkildə ictimaiyyətə təqdim etməyə çalışır. Bu, əslində, ABŞ-nin layihəyə nəzarətini qəbul etməyə hazır olduğunu göstərir. Paşinyanın qəbul etməmək kimi imkanı yoxdur. Çünki Paşinyan rejimi tamamilə Qərbdən, xüsusilə də ABŞ-dən asılı vəziyyətdədir”.

“Bir sözlə, “Tramp körpüsü” ilə Paşinyan həm ABŞ-nin dəhlizə nəzarətini qəbul etdiyini göstərməyə, həm də bunu Zəngəzur dəhlizi” adlandırmamaqla öz siyasi mövqeyini qorumağa çalışır. Bütün hallarda mövqeyimiz Azərbaycan Prezidentinin də aydın şəkildə ifadə etdiyi kimi vətəndaşlarımızın heç bir maneə ilə qarşılaşmadan Azərbaycanın bir hissəsindən digər hissəsinə sərbəst şəkildə hərəkət etmək imkanına malik olmasında ibarətdir”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

 

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600