ABŞ-nin Suriyada mövcudluğu – İsrailin təhlükəsizliyi GÜNDƏMDƏ
Suriya ərazisində yerləşən ABŞ hərbi bazaları bölgənin geosiyasi balansını birbaşa formalaşdıran əsas amillərdən biri hesab olunur.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Al-Tanfdan başlayaraq Haseke, Rakka və Deyrizora qədər uzanan ABŞ hərbi mövcudluğu rəsmi olaraq “İŞİD-lə mübarizə” adı altında həyata keçirilsə də, analitiklərə görə, bu addım İsrailin təhlükəsizliyini təmin etmək, enerji resurslarını nəzarətdə saxlamaq və İranın bölgədəki təsirini məhdudlaşdırmaq məqsədi daşıyır.
Məqalədə vurğulanır ki, İordaniya, İraq və Suriya sərhədlərinin kəsişməsində yerləşən Al-Tanf bazası ABŞ-nin bölgədəki ən strateji hərbi məntəqəsi sayılır. 55 kilometrlik təhlükəsizlik zonası ilə əhatələnən bu baza vasitəsilə ABŞ bölgədəki proksi qüvvələrinə logistika, təlim və kəşfiyyat dəstəyi göstərir. Strateqlərin fikrincə, bu baza İranın Suriya üzərindən Livana uzanan təchizat yollarının qarşısını almaqda əsas rol oynayır.
Bundan başqa, ABŞ-nin Haseke, Rakka, Deyrizor və Tabka bölgələrində yerləşdirdiyi hərbi qüvvələr əsasən SDQ ilə əməkdaşlığa xidmət edir. Beynəlxalq münasibətlər üzrə ekspertlər bildirirlər ki, bu ərazilərdəki enerji mənbələri ABŞ üçün həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. ABŞ xüsusi təyinatlı qüvvələri SDQ-yə təlim, kəşfiyyat və silah dəstəyi verir, eyni zamanda bölgənin enerji resurslarını nəzarətdə saxlayır.
Mütəxəssislərə görə, ABŞ-nin Suriya siyasəti sadəcə terrorla mübarizə ilə məhdudlaşmır. Vaşinqton bölgədə İran təsirini zəiflətməyə, İsrailin təhlükəsizliyini möhkəmləndirməyə və enerji resurslarını öz nəzarəti altında saxlamağa çalışır. ABŞ hərbi mövcudluğu nəticəsində Suriya ərazisi faktiki olaraq parçalanır və ölkənin suverenliyi ciddi şəkildə məhdudlaşdırılır.