ABŞ Rusiya ilə yaranan “Yeni Detant”ı daha da irəlilətmək üçün ya G7 və BMT Baş Assambleyasının (BMTBA) qətnamələrini hazırlayanları “Rusiyanın aqressiyası” ifadəsini dəyişməyə məcbur etməli, ya da həmin sənədlərə adını əlavə etməməlidir”.
Bunu Yenicag.az-la söhbətində Rusiyada yaşayan amerikalı politoloq Endryu Koribko deyib.
Siyasi təhlilçi ABŞ-Rusiya danışıqları fonunda Vaşinqtondan Moskva ilə bağlı yeni güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib.
Politoloqun sözlərinə görə, ABŞ hökuməti G7-nin birgə bəyanatını və təklif olunan BMTBA qətnaməsini daxilində “Rusiyanın aqressiyası” ifadəsi olan mətnləri dəstəkləməkdən imtina edib, bunun əvəzində isə “Ukrayna münaqişəsi” kimi daha neytral bir dil təklif edib:
“Əgər bu doğru olarsa, çox əhəmiyyətli olardı, çünki ABŞ dünyada ən böyük siyasi təsirə malik ölkədir və öz dilini dəyişməklə, qlobal rəyin dəyişməsinə səbəb ola bilər. Bu xəbərlər çox mümkündür, çünki ABŞ və Rusiya arasında yaranan “Yeni Detant” sürətlə irəliləyir. Trampın vəzifəyə qayıdandan sonra ilk görüşü çox keçmədi, ardınca isə nümayəndələri Ər-Riyadda görüşərək ikitərəfli əlaqələrin bərpasını və Ukraynada Rusiya-NATO proksi müharibəsinin siyasi həllini müzakirə etdilər. Putin və Trampın yaxın günlərdə görüşməsi də planlaşdırılır. Buna görə də ABŞ-nin Rusiya ilə əlaqələri yaxşılaşdırdıqca, münaqişə ilə bağlı dilini yumşaltması gözlənilən bir haldır”.
Analitikin fikrincə, Trampın ötən həftə Zelenskini tənqid etdiyi sosial media postu “Rusiyanın aqressiyası” adlandırılan hər şeyin doğru olmadığını bildiyini göstərir:
“O, Zelenskini “qazanıla bilməyən və heç başlamamalı olan bir müharibəyə” getmək üçün Birləşmiş Ştatları 350 milyard dollar xərcləməyə məcbur etməkdə ittiham edib. Bu, əvvəllər qeyd edilən fikri təsdiqləyir. Bu səbəblərdən ötəri, ABŞ hökumətinin Trampın rəhbərlik etdiyi proksi müharibənin inkişafını yanlış təqdim edən əvvəlki administrasiyanın mövqeyinə dəstək verməsi qeyri-məntiqlidir. Əgər son məlumatlar doğru olarsa, digər ölkələr ABŞ-nin mövqeyini izləyərək, Trampın qəzəbinə düşməmək üçün buna əməl edəcəklər. Bu da ABŞ ilə müharibə tərəfdarı Avropa İttifaqı arasında uçurumu daha da genişləndirə bilər”.
“Məsələn, Yaponiya, Çinlə bağlı planlarına dəstək almaq üçün ABŞ-nin G7-nin birgə bəyanatına qarşı mövqeyini dəstəkləyə bilər. Amma bəzi Qlobal Cənub ölkələri isə BMTBA-nın səsverməsində iştirakdan çəkinər, beləliklə Tramp onları Avropalılarla eyni mövqedə görməz. Bu da G7-ni parçalaya və Avropanın dünyadakı təcrid olunmuş vəziyyətini gücləndirə bilər. Bu hadisələr ABŞ hökumətinin “Rusiyanın aqressiyası”nın bu münaqişənin səbəbi olduğu iddialarını dəstəkləməkdən imtina etməsinə bağlıdır və bu qərar bir neçə gün ərzində verilməlidir. Əgər ABŞ, G7 və BMTBA qətnamələrini hazırlayanları dilini dəyişməyə məcbur edər və ya adını həmin sənədlərə əlavə etməzsə, bu, Rusiya-ABŞ “Yeni Detant”ını irəlilədəcək və Putin-Tramp sammitinin vaxtını yaxınlaşdıracaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az