ABŞ Rusiya ilə müharibəyə daxil ola bilər - AÇIQLAMA
“ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra xəyal qırıqlığı yaşayıb. Görünür ki, görüş Tramp üçün fiasko ilə nəticələnib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı bildirib.
Ekspert bildirib ki, hadisələri analiz etdikdə Trampın sanki rusiyalı həmkarına uduzduğu qənaətinə gəlmək olar:
“Görüşdən bir aydan çox vaxt keçib. Bu müddət ərzində Rusiya-Ukrayna müharibəsinin əhatə dairəsi daha da genişlənib. Kreml yeni ərazilər işğal edib. Bu, Ağ Ev rəhbərinin məğlubiyyəti kimi qəbul olunur. ABŞ lideri seçki kampaniyası dövründə bütün müharibələri dayandıracağına dair vədlər vermişdi. Onun hakimiyyətə gəlişindən 8 aya yaxın vaxt keçməsinə baxmayaraq, savaş daha da dərinləşib. Üstəlik, o, Nobel Sülh Mükafatına namizəddir. Vədləri isə hələ ki, reallaşmır. Ümumilikdə Trampın Rusiya ilə bağlı söylədiyi fikirləri imitasiya kimi qiymətləndirirəm. Hazırda Birləşmiş Ştatların Rusiya sahilləri yaxınlığına nüvə silahı daşıya bilən sualtı qayıqlar göndərməsinə dair məlumatlar təsdiqlənməyib. Düşünürəm ki, bu, daha çox Ukraynanı ruhlandırmaq üçün atılan addımlardan biridir”.
C.Abbaslı ABŞ-nin Rusiya ilə birbaşa qarşıdurmaya girməsi ehtimallarını da dəyərləndirib:
“Birləşmiş Ştatlar müstəqillik qazandığı gündən bu yana böyük savaşlara birbaşa daxil olmayıb. Hətta İkinci Dünya Müharibəsinin sonuna üç ay qalmış rəsmi Vaşinqton müharibəyə qoşulmuş, nəticədə isə döyüşün dividentlərindən yararlanmışdı. Düşünürəm ki, Ukrayna müharibəsində də oxşar ssenari baş verə bilər. ABŞ sona yaxın Ukraynanın məğlub olmaması üçün müharibəyə daxil olaraq savaşın nəticələrindən faydalanmağa çalışa bilər. Açığı, bu çox inandırıcı görünmür, amma mümkün ehtimallar arasında yer alır. Bunu da unutmaq olmaz ki, ABŞ lideri əksər hallarda verdiyi bəyanatları sonradan özü təkzib edir. Yəni sabah o, bu gün dediklərini inkar etsə, təəccüblənməməliyik. Onu da qeyd etməliyəm ki, bu fikirləri Rusiyaya təzyiq kimi qiymətləndirmək doğru olmaz. Rəsmi Moskva artıq 11 ildir ki, bu tip məsələlərə tab gətirir və sanki onlarda bu proseslərə qarşı immunitet formalaşıb”.