ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların müzakirəsini dayandırdı
ABŞ senatorları Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsinin müzakirəsini müvəqqəti olaraq dayandırıblar.
Yenicag.az xəbər verir ki, “Kyiv Post” nəşrinin məlumatına görə, qanun layihəsinin müzakirəsi Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun yaxın günlərdə Moskvaya planlaşdırılan səfəri ilə bağlıdır.
Respublikaçılar isə hesab edirlər ki, qanun layihəsinin qəbulunu ləngidən əsas amil Donald Trampın mövqeyidir.
Qeyd edək ki, Moskva əleyhinə sanksiya paketini Senata anti-Rusiya ritorikası ilə tanınan Lindsi Qrem təqdim edib. Sənəddə Rusiyadan neft, neft məhsulları, təbii qaz və uran alan ölkələrdən idxala 500 faiz gömrük rüsumunun tətbiqi təklif olunur.
“Bloomberg” agentliyinin məlumatına görə, senatorlar prezidentin dəstəyi olmadan bu sənədi qəbul etməyə hazır deyillər. Donald Tramp isə açıqlamasında qanun layihəsinin taleyinin onun şəxsi qərarından asılı olduğunu bildirib./AZƏRTAC/












