ABŞ Suriyadan ÇIXIR – “Türkiyənin ortaya qoyduğu mövqe...”
“Baydendən fərqli olaraq Tramp NATO üzvü kimi Türkiyə ilə danışmaq və Yaxın Şərqdəki aktivliyindən yararlanmağa çalışır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O, ABŞ-nin Suriyadan geri çəkilməsi məsələsini şərh edərkən qeyd edib ki, Vaşinqton, Dəməşq siyasətində Ankara ilə dərin konfrontasiya deyil, əməkdaşlığı əsas götürür:
“ABŞ prezidenti Donald Tramp da Türkiyənin Suriya məsələsində aktiv şəkildə rol oynadığını xüsusi vurğulayır. Türkiyənin ortaya qoyduğu mövqe Suriya üzərindən çirkin siyasi niyyətlər həyata keçirməyə çalışan qüvvələrə qarşı vurulan böyük zərbə idi. Bunun nəticəsində Türkiyə Bəşər Əsədin istibdad rejiminin daha demokratik qüvvələrlə əvəz edilməsi, həmçinin Suriyanın gələcək rifahı və ictimai-siyasi sabitliyinin əldə edilməsində çox böyük rol oynadı. Bunu ABŞ də yaxşı başa düşür”.
“Bayden administrasiyanın hədəflərindən biri ABŞ xarici coğrafiyalarda, aktiv müharibələrdə, yaxud dövlətlərarası münasibətlərdə təmsil olunmasın. Tramp administrasiyasının Türkiyə siyasəti daha çox əlaqələr kontekstində qurulub. Həmçinin Baydendən fərqli olaraq Tramp NATO üzvü kimi Türkiyə ilə danışmaq və Yaxın Şərqdəki aktivliyindən yararlanmağa çalışır. Bu kurs Trampın hakimiyyəti dövründə davam edəcək”, – deyə o fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli