ABŞ Ukraynaya qarşı qoyduğu əsas qadağanı ləğv etdi

media-hightechnic-468x90

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın Qərb istehsalı olan uzaqmənzilli raketlərdən Rusiya ərazisinə dərinlikdə zərbələr endirməsinə qoyulan əsas qadağanı aradan qaldırıb. 

Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” 22 oktyabr tarixində amerikalı rəsmilərə istinadən yazıb.

Bu addım, Ukraynanın belə hücumlara dəstək verilməsi ilə bağlı səlahiyyətlərin Pentaqon rəhbəri Pit Heqsetdən NATO-nun Avropadakı birləşmiş silahlı qüvvələrinin baş komandanı, amerikalı general Aleksus Qrinkeviçə ötürülməsindən sonra atılıb.

Keçmiş prezident Co Bayden dövrünün sonunda Ukraynaya “Storm Shadow” və ATACMS raketlərindən Rusiya ərazisindəki hədəflərə qarşı istifadə etməyə icazə vermişdi. Lakin Tramp hakimiyyətə gəldikdən sonra Pentaqon belə hücumların təsdiqi üçün yeni yoxlama proseduru tətbiq etdi. Bu sistem ABŞ və ya digər Qərb istehsalı raketlərin, o cümlədən “Storm Shadow”ların istifadəsi üçün Vaşinqtonun hədəf məlumatlarından asılı olan icazə mexanizmini nəzərdə tuturdu.

Heqsetin Ukraynanın uzaqmənzilli raketlərlə Rusiyaya zərbə endirib-endirməməsi barədə son qərar vermək səlahiyyəti var idi. Lakin iki amerikalı rəsmiyə görə, indiyə qədər heç bir belə hücum təsdiqlənməyib – səlahiyyətlər yenidən Avropa komandanlığına qaytarılana qədər.

ABŞ rəsmiləri bildiriblər ki, bu qərardan sonra Ukrayna, 290 kilometr məsafəyə qədər zərbə endirə bilən Britaniya istehsalı “Storm Shadow” raketlərindən daha çox istifadə edə biləcək.

WSJ qeyd edir ki, ABŞ bu raketlərin istifadəsini məhdudlaşdırmaq imkanına malikdir, çünki onların hədəfə yönəldilməsi üçün amerikalı kəşfiyyat məlumatlarından istifadə olunur.

Ukraynaya “Storm Shadow” raketlərindən istifadəyə qoyulmuş məhdudiyyətin götürülməsi qərarı, prezident Vladimir Zelenski ilə Trampın ötən həftə Ağ Evdə keçirdiyi görüşdən bir qədər əvvəl qəbul edilib.

Bu dəyişiklik oktyabrın əvvəlində Trampın Kremlə təzyiq göstərərək Ukrayna ilə sülh danışıqlarına başlamağa vadar etmək cəhdləri ilə üst-üstə düşüb.

Zelenski isə ABŞ-dan uzaqmənzilli “Tomahawk” qanadlı raketlərini almaq istəyirdi. Bu raketlər kifayət qədər sayda təqdim olunacağı təqdirdə Ukraynanın uzaq məsafələrdə zərbə gücünü xeyli artırardı. Lakin Tramp bu tələbi rədd edib.

Ukrayna uzun müddətdir ki, ABŞ-dan “Tomahawk” raketləri almağa ehtiyac duyduğunu bildirir. “The New York Times” yazır ki, ABŞ Müdafiə Nazirliyi bu raketlərin satışı və ya Ukraynaya ötürülməsi üçün planlar hazırlayıb — prezidentin göstərişi olacağı təqdirdə.

Ancaq 17 oktyabrda Ağ Evdə keçirilən görüşdə Tramp bəyan edib ki, “Tomahawk” barədə düşünmədən” müharibəni bitirmək istəyir. Zelenski isə bildirib ki, tərəflər bu məsələni hələlik müzakirə etməmək qərarına gəliblər, çünki ABŞ “eskalasiyadan yayınmaq” istəyir.

Tramp həmçinin Ukrayna və Rusiyanı sülh razılaşması imzalamağa və “mövcud cəbhə xəttində dayanmağa” çağırıb. Zelenski bu yanaşma ilə razılaşıb.

21 oktyabrda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Storm Shadow” raketləri ilə Rusiyanın Bryansk vilayətindəki kimya zavoduna zərbə endirildiyini açıqlayıb./qaynarinfo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa