ABŞ və Rusiya 28 bəndlik yol xəritəsi HAZIRLAYIR: Ukrayna müharibəsi dondurulur?
“Ukrayna müharibəsi böyük güclərin masasında yeni geosiyasi razılaşmalar mərhələsinə daxil olur.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

Politoloq Amerika mediasına bir neçə gündür sızdırılan “Tramp administrasiyası Ukraynada müharibənin dayandırılması ilə bağlı Rusiya ilə gizli plan hazırlayır…” başlıqlı yazılarını geniş şərh edib:
“ABŞ administrasiyasının Ukrayna müharibəsinin dayandırılması üçün Rusiya ilə gizli şəkildə 28 bəndlik yol xəritəsiüzərində çalışması münaqişənin dinamikasında mühüm dönüş nöqtəsinə işarə edir. Tramp administrasiyasının Qəzzada tətbiq etdiyi “sürətli siyasi həll – təhlükəsizlik mexanizmi – beynəlxalq nəzarət” modeli indi Ukrayna üçün uyğunlaşdırılır. Bu, Vaşinqtonun diplomatik fəallığının artması, müharibənin uzanmasının ABŞ və Avropa üçün yaratdığı strateji yükün azaldılması və seçki öncəsi uğurlu xarici siyasət nəticəsi əldə etmək niyyəti ilə bağlıdır.
Planın Rusiya ilə bilavasitə təmaslarda, xüsusilə Kirill Dmitriyev kimi Kremlə yaxın fiqurlarla müzakirə olunması Vaşinqtonun realpolitika xəttinə qayıtdığını göstərir. ABŞ hesab edir ki, müharibənin indiki mərhələsi hərbi yolla qəti nəticə vermir və qarşıdurmanın daha da uzanması nə Avropa, nə də Vaşinqton üçün sərfəlidir. Eyni zamanda Moskvanın da iqtisadi təzyiqlər fonunda siyasi güzəştlərə daha açıq olması ehtimalı artır.”
Politoloq Tramp planının hədəflərini bu formada açıqlayıb:
“Tramp administrasiyasının planı üç əsas məqsədi hədəfləyir: Ukraynada müharibənin dondurulması və qarşıdurmanın genişlənməsinin qarşısının alınması, Avropada təhlükəsizlik sisteminin yenidən dizaynı və NATO–Rusiya sərhədlərində risklərin azaldılması, ABŞ–Rusiya münasibətlərində minimal əməkdaşlıq kanallarının bərpası.
Planın Ukrayna tərəfinə Mayamidə təqdim olunması Zelenski administrasiyası ilə gizli razılaşmaların mümkünlüyünə işarə edir. Lakin Kiyevin mövqeyi həssasdır: ərazi bütövlüyü məsələsi və Rusiyanın tələb edə biləcəyi siyasi şərtlər Ukrayna üçün ciddi risklər yarada bilər. Avropa ölkələrinin məlumatlandırılması da təsadüfi deyil – Tramp administrasiyası Avropa liderlərinin narahatlığını öncədən yumşaltmağa çalışır.
Bu proses bir daha göstərir ki, Ukrayna müharibəsi böyük güclərin masasında yeni geosiyasi razılaşmalar mərhələsinə daxil olur. Əgər plan həyata keçərsə, münaqişə tam bitməsə də, böyük ehtimalla “kontrollu atəşkəs + təhlükəsizlik mexanizmi + siyasi dialoq” modelinə keçid baş verəcək. Bu isə həm Avropa təhlükəsizliyi, həm də qlobal güc balansı üçün yeni reallıqlar yaradacaq.” – deyə o bildirib.
Nurlan Cəfəri












