!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Absurdistan: Burada 15 il deputat olan biri siyasətə qarışmadığını deyə bilir - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Bura Absurdistandır. Burada “vur” deyəndə öldürürlər.

Burada öz ayıbına kor olub başqalarına gülürlər.

Burada oğru doğrudan daha möhkəm qışqırır.

Ümumiyyətlə, burada məntiq axtaranda ağıl yoxdur…

Özbəklərin harada saqqallı adam görürlərsə, tutub qırxdırmalarına lağ edirlər. Sanki burada yaşanmamış şeydir. Bir neçə rayonda saqqallıları tövləyə yığıb qoyun qırxımındakı kimi bir-bir qırxıb buraxırdılar.

Türkmənbaşının geyimlərlə bağlı verdiyi qərarlara gülürük. Dönüb özümüzə baxırıq, Mədəniyyət Nazirliyi də işçilərinə geyimlərlə bağlı qadağalar qoyub.

Dünyada futbol meydanlarında tərəfdarların bağırmağının desibeli ölçülür. O klubun tərəfdarları rekord qıranda bununla öyünür. Hətta buna görə Ginnesin Rekordlar Kitabına düşənlər də var.

Gəlirik bizim meydanlara. Futbol yoxdur, o ayrı mövzudur. Olmayan futbolun az sayda tərəfdarı meydana gedir. Tərəfdar meydanda baş verənlərə səsi ilə münasibət göstərir, hansısa polisin başı səs götürmür, tərəfdarı meydandan qovur. Hakim oyunçunu qovur, polis tərəfdarı. Hələ bu harasıdır. Baş məşqçi istefaya çağırılır, yenə tərəfdar qovulur. Biri stadiona təhkim olunan polisə başa salmır ki, hər eşitdiyin istefa o istefadan deyil.

Deyirlər, idman sağlamlıqdır. İdmançılar insanları pis vərdişlərdən çəkindirir. Azərbaycanda idmançılar medal, ad-san qazanandan sonra kriminal aləmə gedirlər. Hələ bu harasıdır, stadionda futbolçunun sərxoş olduğu üçün meydandan qovulması da burada yaşanır.

Burada deputat ehtiyatda və istefada olan hərbçilərə “keçmiş” hərbçi deyir. İl yarım əvvələ baxsa, görər ki, səfərbərlik xətti ilə müharibəyə qoşulanlar hamısı ehtiyatda olan zabit və əsgərlər idi. Yəni heç bir “neqodnu”nu narahat etmədilər.

Burada görməmişin oğlu olanda uşağını özü sünnət edir.

Milli Məclisdə “Şuşa” adının harasa qoyulması qadağan edilib. Şuşa burada görməmişin oğludur. Deputat deyir, orada qan tökülüb, ona görə Şuşa adını qadağan etmişik. Yaxşı ki bütün rayonların adlarını qadağan etməyiblər, yoxsa ən çox şəhid verib, ən çox əziyyət çəkən rayonun –  Füzulinin adı qadağan olunsa, nələr olardı. Qonşumuz Füzuli deyir, yaxşı qurtardım, nəvəm olacaq, uşağa adımı verəcəkdim, qadağan olunsaydı, Ələmşah qoymalı olacaqdım – uşağın ulu babasının adı.

Burada bir qız polis rəisinə “Rəisim” mahnısı oxuyub, bütün rəislərin evinə vay sala bilir.

Burada ailə dəyərlərindən daha çox “həcixanımlar” danışır.

Burada hər adda partiya var, ancaq hamısı eyni ideologiyanın daşıyıcısıdır.

Burada deputat parlamentə düşdüyü üçün seçicilərinə yox, siyasi rəhbərliyə təşəkkür edir.

Burada icra başçısı jurnalistə zəng edib: “Həmişə qumarda uduzduğumdan yazırsan, bir dəfə də udduğumdan yaz”, – deyə bilir.

Burada kənd camaatı yollarının bərbad olmasından, yağış yağanda palçıqda qaldıqlarında şikayət edəndə icra başçısı, “Kənd yolu belə olar da”, – dediyi zaman müavinləri buna gülməli zarafat kimi dişlərin ağardıb, uğunur.

Burada böyük pul alan baş redaktorlar, kiçik pul alan baş redaktorlara, jurnalistlərə “reket” deyir.

Burada 15 il deputat (siyasi karyera) olan biri siyasətə qarışmadığını deyə bilir.

Burada mətbuat xidmətinin rəhbəri jurnalist sualına və sorğusuna, “Başqa işimiz-gücümüz var”, – deyə bilir.

Burada ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri jurnalistin sualına cavab verdiyi üçün töhmət alır. Səbəb kimi də rəhbərinin bu yanaşması olur: “Buranın yiyəsi sənsən, yoxsa mən?”

Burada müxalif düşərgə bir-birini hökumətdən pul almaqda, hökumət də müxalifəti xaricdən maliyyələşməkdə ittiham edir. Gəl indi kimin əlinin kimin cibində olduğunu anla.

Burada hüquq müdafiəçisi öz hüququnu müdafiə etmək üçün adının anonim qalması üçün jurnalistə 50 dəfə “mən ölüm” deyir.

Burada həkim-xəstə münasibəti əvəzinə, həkim-müştəri münasibəti var.

Burada “çək nəşəni tüstüsü dağlarə yayılsın” deyənlər, Allahın və dinin təbliğatçısı olduqlarını bildirə bilir.

Burada nə yoxdur ki…

Xahiş edirəm, Absurdistanla bağlı yazımı siyasiləşdirib, Azərbaycan ilə hər hansı əlaqə yaratmayın.

www.yenicag.az

565
Ads
www.veteninfo.com
!Reklam – Arxiv