Pakistan MMU-nun nümayəndə heyəti Azərbaycan HDQ-ni ziyarət etdi - FOTO
Pakistan Milli Müdafiə Universitetinin (MMU) rəhbər və “Milli Təhlükəsizlik və Müharibə kursu-26″nın dinləyici və professor-müəllim heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Burada nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı kontr-admiral Şahin Məmmədov görüşüb.
Görüş zamanı qonaqlara qüvvələrin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Plana uyğun olaraq, HDQ-nin Dəniz Hərəkat Mərkəzində olan nümayəndə heyəti dənizdə baş verən fəaliyyətlərin monitorinqi, təhlükəsizlik tədbirləri, koordinasiyası və idarə olunması ilə tanış olublar.














