!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Açılmadan yarılmış Cəbhə: 30 illik savaşa davam

!Reklam – Yazi

Müxalifətin 2018-ci ili də hakimiyyətlə mübarizəyə deyil, daxili çəkişmələrə sərf edəcəyi görünür.

Müsavat lideri İsa Qəmbər 2018-ə təqribən 30 il əvvəli əhatə edən xatirələrini bölüşməklə başlayıb.
O, Balayanın “Ocaq” sərsəmləməsinə cavabı ilə başlayan paylaşımlarını Azərbaycan Xalq Cəbhəsinin (AXC) qurultay səlahiyyətli III Konfransında (6-7 yanvar 1990-cı il) yaşananlarla davam etdirib.

Təbii, İ. Qəmbər AXC-nin həmin konfransında baş verənləri cızdığı tabloda özünü və yönəltdiyi liberal qanadı ən parlaq çalarlarla göstərməyə çalışıb.

Bu günə qədər kəskin rəqabətdə olduğu Cəbhənin radikal qanadını və onun liderlərini isə “qaragüruh” adlandırmaqla, opponentlərinə yenidən “əlcək atıb”.

Gözlənildiyi kimi, Qəmbərin paylaşdığı xatirələrə əks cəbhədən uyğun qarşılıq da verilib.

Etbar Məmmədov səssizliyini qorusa da, Rəhim Qazıyev və Nemət Pənahlı öz açıqlamalarına Müsavat liderini quru yuyub, yaş səriblər.

Pənahlı ondan “Lex Valensa düzəltmək” istəyən Qəmbəri açıq debata çağırıb. Qazıyev isə prezident seçkiləri ilində müxalifəti qarışdıran Müsavat liderini hakimiyyətə işləməkdə suçlayıb.

Görünən budur ki, seçki ilində müxalifətin əsas diqqəti yenə də daxili ayırdetmələrə qarışacaq. Hər halda, Qəmbərin atdığı daşların yerdə qalacağını heç sanmıram.

“İsa Qəmbər nə istəyir?” sualının cavabı 28 il əvvəldə – milli-azadlıq hərəkatının avanqardı olan, 1989-cu il iyulun 16-da təsis edilən AXC-nin quruluş dönəmində “gizlənir”.

Cəbhənin Məramnamə və Nizamnaməsindən tutmuş taktiki gedişlərə qədər xeyli məsələ radikallarla liberallar arasında “məhək daşı”na çevrilib.

Radikallar AXC Məramnaməsinə “Müstəqil Azərbaycan”, liberallar isə “SSRİ tərkibində suverenlik” müddəasını təklif edirdilər.

Radikalların AXC-də “Kollektiv üzvlük” təklifi liberalların “Fərdi üzvlük, istehsalat-ərazi prinsipi” tezisi ilə toqquşurdu.

Yekunda AXC Məramnamə və Nizamnaməsi səs üstünlüyü ilə liberalların mövqeyinə uyğunlaşdırıldı.

Ancaq hərəkatın xarakteri ilə AXC-nin proqram sənədlərinin uyğunsuzluğu o dönəmdə liberalları faktiki olaraq “oyundankənar vəziyyət”ə saldı.

AXC İdarə Heyətində azlıqda qalan radikallar proseslərə fon verir, mitinq və tətilləri idarə edir, hərəkatın istiqamətini müəyyənləşdirirdilər.

Etiraf edilməlidir ki, radikal üçlük ( Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlı) nüfuz məsələsində mərhum Əbülfəz Elçibəy başda olmaqla, AXC İdarə Heyətinin digər üzvlərini xeyi üstələyirdilər. Konkret desək, dövrün ictimai rəyi radikalların tərəfində idi.

Qeyd olunan ziddiyyətlər AXC-nin monolit təşkilat olaraq qalmasına və mübarizəni eyni tempdə davam etdirməsinə imkan vermirdi. Daxili çəkişmələri bir müddət pərdə arxasında saxlamaq mümkün olsa da, etiraflar özünü çox gözlətmədi.

1989-cu ilin oktyabrında gecə saatlarında AzTV-nin canlı efirinə çıxan (“Gecə kanalı” proqramı) AXC İdarə Heyətinin üzvləri Etibar Məmmədov, İsa Qəmbər və Pənah Hüseyn təşkilatda fikirayrılıqlarının olduğunu açıq mətnlə dedilər.

O baxımdan, AXC-nin III Konfransının gərgin ab-havada keçməsi təəccüb doğurmurdu. Konfransın nəticələri liberallar üçün yenə uğurlu oldu.

Onlar İdarə Heyətində say üstünlüklərini qoruyub saxlaya bildilər. Ancaq proseslərin idarə olunmasında həlledici söz yenə də radikallara məxsus idi.

1990-cı il 20 yanvar hadisələrindən sonra radikal qanadın liderlərinin həbsi liberalların siyasi meydanı ələ götürmələrinə şərait yaratdı.

Həbs demişkən, radikalların həbsində liberalların açıq təhrikçiliyi haqqında hələ də danışılır. Etibar Məmmədovun Moskvada həbs edilməsində Hikmət Hacızadənin AXC İdarə Heyəti adından Sovet rəhbərliyinə göndərdiyi bu teleqramın həlledici rol oynadığı bildirilir:

“Этибар Мамедов не уполномочен провести переговоры с руководством страны. Гнать его оттуда!”. (Etibar Məmmədova ölkə rəhbərliyi ilə danışıqlar aparmaq səlahiyyəti verilməyib. Onu qovun!)

Maraqlıdır ki, liberallar 20 yanvardan sonra radikalların müstəqillik tələbini rəsmiləşdirərək, 1990-cı ilin martında bu müddəanı AXC-nin Məramnaməsinə daxil etdilər.

Liberalların kommunist rəhbərliklə sazişə getmələri isə Ayaz Mütəllibovun 1990-cı ilin mayında “prezident” seçilməsinə, AXC strukturlarının isə açıq fəaliyyətə keçməsinə yol açdı.

1991-ci ilin aprelində baş tutan AXC-nın IV konfransı təşkilatda parçalanmanı açıq müstəviyə çıxartdı. Məhz həmin konfransdan sonra radikalların lideri Etibar Məmmədov AXC-də fəaliyyətinə son qoyaraq, Milli İstiqlal Partiyasını (AMİP) elan etdi.

AXC-nin 1991-ci ilin iyulunda keçirilən I Qurultayında isə kollegial idarəetmə prinsipindən imtina olundu.
Cəbhədənqopma prosesinin növbəti mərhələsi AXC hakimiyyəti dönəmində yaşandı. Parlamentin sədri İsa Qəmbər təşkilatdakı tərəfdarları ilə birlikdə Müsavat Partiyasına transfer etdi.

Eyni zamanda, AXC iqtidarının aşağı-yuxarı strukturlarında total “müsavatlaşdırma” dalğası başladı.
Tərəflər arasında Cəbhə daxilindən başlayan rəqabət az qala 30 ildir ki, davam etməkdədir.

Problemin kökü dərin, özü isə çox həssasdır. Ona görə də AXC-nin ilkin dönəmlərinə dair istənilən fikir geniş polemikaya səbəb olur.

Ancaq keçmiş hərəkatçılar hələ ki bu məsələləri ətraflı müzakirə edib, ziddiyyətlərə son qoymaq üçün Dəyirmi masa ətrafına toplaşmaqdan yayınırlar. Bu isə o deməkdir ki, mövzu zaman-zaman gündəmə gətiriləcək.

Yeri gəlmişkən, 20 yanvardan sonra AXC liberallarının kəskin dönüşünü xatırlatmamaq olmur.

Söhbət İsa Qəmbərin rəhbərliyi və AXC İdarə Heyətindəki həmfikirləri ilə birgə yaratdığı Şimali Azərbaycan Demokratik Partiyasından (ŞADP) gedir.

İ. Qəmbər 1990-cı ilin aprelində gizli nəşr olunan “Fövqəladə vəziyyət” qəzetinə verdiyi müsahibəsində ŞADP-nin məramı haqqında geniş danışıb.

Onun bu müsahibəsi 1990-cı ildə yayımını yenidən bərpa edən “Azadlıq” qəzetinin ilk sayında təkrar çap edilib.
Ancaq Mütəllibov iqtidarı ilə may sazişindən sonra ŞADP də gündəmdən çıxarıldı və bu, indiyə kimi Qəmbər üçün arzuedilməz mövzulardan biri hesab olunur.

Maraqlıdır, İsa Qəmbər növbəti paylaşımlarında ŞADP-nin yaradılması və tezliklə sıradan çıxarılması zərurətinə toxunacaqmı?

Gözləyək…

A. Zeynalov

COP29

www.yenicag.az

2356
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv