Reklam: High Technic
hightechnic

"Doğum günüm idi" - Erməni helikopterini vurmuş döyüşçü danışdı

Birinci Qarabağ müharibəsi zamanı şücaətlə döyüşmüş briqadalardan biri də 704 saylı hərbi hissənin əsgərləridir.

Birinci Qarabağ savaşında Ağdamın Mərzili kəndindən tutmuş, Füzulinin Aşağı Veysəlli kəndinə qədər olan geniş bir əraziyə 704 saylı briqada cavabdeh olub. Bu qədər geniş bir ərazi müharibə dövründə təkcə 704 saylı hərbi hissə tərəfindən qorunsa da, günümüzdə bu əraziyə 2 briqada nəzarət edir. O dövrdə adıgedən briqadanın hansı çətinliklərdən keçdiyini dərk etmək üçün təkcə bu fakt kifayət edir.

704 saylı briqadanın döyüş yolu təkcə bu ərazi ilə bitmir. Laçın dəhlizi, Kəlbəcər, Ağdarə əməliyyatında da 704 saylı hərbi hissə fəal iştirak edib.

Yenicag.az bu hərbi hissənin zenit raket artilleriyasının əsgərləri ilə müsahibəni sizə təqdim edir.

Qısa arayış:

Caniyev Vaqif Kəlbioğlu. 1973-cü il, noyabrın 20-sində Lənkəran rayonunun Separadi kəndində anadan olub. 1990-ci ildə Separadi kənd tam orta məktəbini bitirib. 1992-ci ilin yanvar ayında ordu sıralarına qatılıb. Milli Ordunun ilk əsgərlərindəndir.1996-cı ilin noyabrında təxris olunub.

Qısa arayış:

Ağayev Cavanşir Bəxtiyaroğlu. 1973-cü il, sentyabr ın 25-ində Lənkəran rayonunun Xanbulan kəndində anadan olub. Lerik rayonu 1 saylı orta məktəbini bitirib. 1992-ci ilin yanvar ayında ordu sıralarına çağırılıb. Milli Ordunun ilk əsgərlərindəndir. 1996-cı ilin iyun ayında ordudan təxris olunub.

– Siz zenit raket artilleriya divizionunda xidmət etmisiniz. O zaman kadr çatışmazlığı var idi. Bu silahları sizə kim öyrətdi?

– 820 saylı hərbi hissədə Dorojko soyadlı bir xaxol var idi. Bizə zenit raket artilleriyasının sirlərini o öyrətdi.

– İlk döyüşlər hansı istiqamətdə başladı?

– Biz 1992-ci il, sentyabrın10-da çoxlu sayda tank, PDM, özüyeriyən artilleriya, zenit qurğuları, digər hərbi texnikalar ilə Lənkərandan Prişibə, oradan da Beyləqana gəldik. Haramı düzündən keçməklə Füzuli rayonunun Gərvənd kəndi yaxınlığında yerləşdik. İlk əməliyyatımız da 1992-ci ilin sentyabrında Xocavənd istiqamətində oldu.

Ağayev Cavanşir:

– Xocavənd və Füzuli istiqamətində bir neçə günlük döyüşlərdən sonra bizi Qubadlıya göndərdilər. Böyük bir hərbi karvanla Qubadlıya yola düşdük. Uşaqlardan soruşdum ki, bu gün ayın neçəsidir? Ayın 25-olduğunu bildirdilər. Dedim, bu gün mənim ad günümdür. Elə bu zaman qradla bizim olduğumuz yeri vurdular. Maşınlarda idik. Komanda verildi ki, maşınlardan düşün. Düşdük. Bundan sonra Xanlıq, sonra Çaytumasa, oradan da Səfiyana qalxdıq. Səfiyana gedəndə bir nəfər bələdçimiz var idi. Yol ayrıcından, Susuzdağ görsənirdi. Bələdçi bizə ermənilərin görə biləcəyi yolu göstərdi. Bilmirəm bunu qəsdən etdi ya yox, amma elə o yolda da ermənilər bizi vurdu. Öndə gedən tankın yanına mərmi düşdü. Mexanikin başına qəlpə dəymişdi, elə yerindəcə şəhid oldu. Ermənilər bizə göz verib, işıq vermirdi. Komandir ekipajı çıxartdıq. Dedi buraxın məni. Baxdım ki, belini qəlpə məhv edib. İlk döyüşümüz idi.

– Zenitkalarla siz orada hansı işi görürdünüz?

– Ermənilərin hərbi karvanlarına imkan vermirdik irəli getsinlər. Ermənistan tərəfdən Laçına gələn yoldan əlavə Susuzdağı da vururduq. Dorojko bizə zenit qurğularını çox gözəl öyrətmişdi. Bir necə gün döyüşlərdən sonra yerli batalyonlarla birgə çoxlu kənd və yüksəklikləri düşmən işğalından azad edərək Laçın dəhlizini nəzarətə götürdük. Ermənistan tərəfdən Qarabağa heç bir hərbi qüvvənin keçməsinə imkan vermirdik. Lakin bir neçə gündən sonra Bakıda Parad keçirilərkən ermənilər əks hücuma keçərək həmin yüksəklikləri yenidən işğal etdilər. Laçın dəhlizi əməliyyatı sonda uğursuzlaqla nəticələndi. Niyə uğursuz bitdi, bilmirəm. Biz əsgərdik, əmrə tabe idik. Ancaq bir elə zəhmətimiz hədər getdi. Oktyabrın axırlarında bizi Lənkərana, daimi dislokasiya yerimizə qaytardılar.

– Bildiyim qədəri ilə döyüşlərin birində erməni helikopterini vurmusunuz. Bu döyüş harada olub?

– 1993-cü ilin əvvələrində bizi Kəlbəcərə göndərdilər. Qış ayları idi. Biz Laçın rayonunun Ağcayazı kəndində yerləşdik. Kənd cəbhə xəttindən 15-km uzaqda olmasına baxmayaraq boş idi. 1993-cü ilin mart ayının 27-sində Kəlbəcərə hücum oldu. Ermənilərin 3 helikopteri hücuma keçdi. Helikopterlər bizim mövqelərimizi bombalayaraq geri qayıtdılar. Təkrar hücuma keçəndə 3 mərmi atdıq, 3-cüsü helikopterə dəydi. Helikopteri vurduqdan sonra düşmənin PDM-ləri işə düşdü. Bundan sonra aramsız olaraq minaatanlardan atəşə tutulduq. Bu zaman 3 əsgər şəhid oldu. 1 əsgər də minaya düşərək ayağını itirdi. Helikopteri vurduğumuza görə bizə pul mükafatı verdilər.

Caniyev Vaqif:

– Mart ayının 27-si idi. Səhər tezdən ermənilərin 3 vertolyotu havaya qalxdı və bizim mövqelərimizi atəşə tutdu. Orada bizim 3 zenit qurğumuz var idi. Bizim raşot-komandiri Cavanşir, mən, Lənkərandan Qafarov Asif,  Nəhmətov Osman, Qasımov Vidadi (həmin döyüşdə şəhid oldu), Masallıdan Nağıyev İnqlab (həmin döyüşdə şəhid oldu), Sumqayıtdan Səbziyev Yasər, Bakıdan Kamal, Bərdədən  Orucov İlqar (həmin döyüşdə şəhid oldu), Qayıbəliyev Abuzər və Əsgərov Ceyhun orada idik. Vertolyotlar bizim bir zenit qurğumuzu vurdular. Biz də onlara atəş açdıq və 1 vertolyotu vurduq. Sonra ermənilər əvvəlcə PDM-lərdən, daha sonra isə minaatanlardan mövqelərimizi atəşə tutdular. Bu zaman Vidadi, İnqlab və İlqar şəhid oldular. Ermənilər böyük qüvvə ilə hücuma keçdilər, lakin bizim briqadanın əsgərləri onlara əzmlə müqavimət göstərib geri oturtdular. Həmin döyüşdə mən də yaralandım. Kəlbəcərə xəstəxanaya göndərdilər. Ayın 28-i xəstəxanaya 2-3 mərmi atıldı. Bu zaman çaxnaşma, panika yarandı. Orada mövqe tuta bilmədik. Düşünürəm ki, vahid komandanlıq yox idi, lazım olan qüvvələr vaxtında köməyə göndərilmədi. Yoldan tutulub ora göndərilən əsgərlərin də əksəriyyətinin lazımi hərbi biliyi yox idi. Ona görə də Laçını və Kəlbəcəri itirdik.

Ağayev Cavanşir:

– Kəlbəcər döyüşlərindən sonra bizi Ağcabədiyə göndərdilər. Oradan Haramı düzünə gəldik. Kaftarlıda mövqe tutmuşduq. Suyumuz qurtarmışdı. Çox isti idi, avqust ayı və Haramı düzü… Qafarov Asif yanımda idi. Dedim, nə edək? Dedi, gəl ataq. Sakitçilik idi. Zenitdən ermənilərin olduğu istiqamətə, ancaq nişan almadan atdıq. 3 mərmi düşəndə heç nə olmadı, 4-cü mərmi düşəndə gördüm ki, tüstü qalxdı. Dedim, Asif, nəyisə vurmuşuq. Üstündən 5 dəqiqə keçmişdi ki, Şişqayadan tanklar çıxıb bizi vurmağa başladı. Başımızı qaldıra bilmirdik. Briqadadan rabitəyə çıxıb soruşdular ki, orda nə olub? Dedik ki, tank görüb vurduq. Əslində heç nə görməmişdik. Sonra Beyləqan batalyonunun kəşfiyyatçıları gəlib bizə dedilər ki, halal olsun, erməni kalonunu vurmusunuz. Bundan sonra bizə su və yemək gətirdilər.

Caniyev Vaqif:

– Kəlbəcərdən sonra məni də Haramı düzünə göndərdilər. Bir neçə istiqamətdə döyüşlərdə olduq. 1993-cü ilin noyabr ayında Ağdaş yüksəkiliyi istiqamətində Binəqədi batalyonu ilə bərabər mövqedə idik. Dekabrın əvvəli bizim raşotu dəyişdilər. Bir neçə gündən sonra ermənilər hücum edib həmin zenit qurğusunu sıradan çıxartdılar.

Ağayev Cavanşir:

– 1993-cü ilin sonlarında mən kəşfiyyat bölüyünə keçdim. Bölüyün tərkibində bir neçə əməliyatda iştirak etdim. 1996-cı ilin fevralında bizim briqada döyüş mövqelərini digər hərbi hissələrə təhvil verərək daimi dislokasiya yerlərinə qayıtdı. Buradan da iyun ayında ordudan tərxis olundum

Səxavət Məmməd

www.yenicag.az

1846